İran tankerləri Livana İran HDQ-ın müşayiəti altında çatıb.
Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Şəhram İrani bəyan edib.
“İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin 78-ci donanmasının 2 esminesi Ədən körfəzi və Qırmızı dəniz rayonunda fəaliyyətdədir və neft tankerlərinin Süveyş kanalından keçməsini müşayiət edir”, - deyə o bildirib.
Onun sözlərinə görə, İranın hərbi gəmilərindən ibarət mühafizə dəstəsi Süveyş kanalındadır.
“İran ticarətinin 90 faizindən çoxu dəniz üzərindən həyata keçirilir və donanma ölkə hüdudlarından kənarda fəaliyyət göstərən və İslam Respublikasının dəniz diplomatiyasına təsir göstərə bilən yeganə qüvvədir”, - deyə iranlı vitse-admiral qeyd edib.
Şəhram İrani əlavə edib ki, İranın iqtisadi magistrallarının təhlükəsizliyinin təmin edilməsi üzrə mühüm missiyanın yerinə yetirilməsinin məsuliyyəti HDQ-ın üzərinə düşür.
İran HDQ potensialının yaxşılaşdırılması barədə danışan Şəhram İrani deyib ki, “biz əmr edilən istənilən yerdə olacağıq və Allaha şükür ki, (İran HDQ) bunun üçün imkanlara sahibdir. Biz, şübhəsiz, Dünya okeanında bazalarımızın möhkəmlədilməsi və genişləndirilməsi üçün imkanlar axtarışındayıq”.