İsveçrədə niqab qadağan olundu

İsveçrədə niqab qadağan olundu

İsveçrə Konstitusiyasına üzü örtən geyimdən istifadənin qadağasına icazə verən dəyişikliklər ediləcək.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə yerli mənbələr 7 martda ölkədə keçirilmiş referendumun ilkin nəticələrinə əsasən məlumat veriblər.

Yekun məlumatlara əsasən, məhdudiyyətlərin tətbiqinin lehinə ölkə əhalisinin təxminən 51,21%-i, əleyhinə isə 48,7 faizi səs verib. Səsvermədə ölkə əhalisinin 51,4 faizi iştirak edib.

Qadağa təkcə niqab və pərəncəyə şamil edilməyəcək, həm də, məsələn, futbol fanatları və bəzi nümayiş iştirakçılarının istifadə etdiyi balaklavalara da aid ediləcək.

Xatırladaq ki, 2009-cu ildə İsveçrədə ölkənin məscidlərində minarələrin inşası da qadağan edilib.

Konstitusiyaya dəyişikliyin təşəbbüskarı İsveçrə parlamentinin deputatı, İsveçrə Xalq Partiyasının üzvü Valter Vobmanndır. İsveçrə hökuməti və parlamentdəki deputatların əksəriyyəti bu təşəbbüsün əleyhinə çıxış edir və vətəndaşları bu qadağanın nəzərdə tutan dəyişikliyin əleyhinə səs verməyə çağırırlar.

Federal Ədliyyə və Polis Departamentinin rəhbəri Karin Keller-Sutter bildirib ki, İsveçrədə tamamilə üz və bədəni örtən geyimlər geyən 20-30 qadın var. Bu qadağa daha çox qısa müddətdə ölkəyə gələn turistlərə təsir edəcək. Karin Keller-Sutter deyib ki, üzü örtən geyimləri qadağan etmək ekstremizm və terrorizmdən müdafiəni təmin etmir, ölkədə bununla bağıl daha effektiv vasitələr mövcuddur.

Xəbəri paylaş

VİDEOLAR