İsrailin Yəməndə uğursuz əməliyyatının təfərrüatları
Az.rasthaber.com xəbər verir ki, İsrail Ordusu Yəmənə qarşı hərbi əməliyyata başladığını elan edərək “Qara Bayraq” adlı yeni hücum planını işə salıb. İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir, Yəməni açıq şəkildə hədələyərək bildirib ki, “İranda baş verənlər Yəməndə də olacaq” və Yəmənin cəzasız qalmayacağını deyib.
Yəmən rəsmi mənbələri bildirir ki, əməliyyatın ilk anlarında İsrail və digər beynəlxalq KİV-lər, İsrailə məxsus döyüş təyyarələrinin Yəmənin qərbində yerləşən Hüdeyda vilayətindəki mühüm enerji və neft obyektlərini bombaladığını bildirərək sevinclə məlumat yayıblar. Lakin gözlənilməz olan məqam – Yəmənin bu hücuma tam hazırlıqlı olması olub.
“Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri ilk dəfə olaraq açıq şəkildə bildirib ki, İsrailə məxsus hava hücumlarına qarşı ölkənin hava hücumundan müdafiə sistemləri fəaliyyətə keçib. Bu açıqlama Yəmən xalqı üçün sakitləşdirici bir siqnal oldu – İsrailin “qələbə nümayişi” əslində boş bir təbliğatdan başqa bir şey deyil. Artıq Yəmənə qarşı havadan hücum edib, onun səmasını pozmaq dövrü geridə qalıb.”, -deyə AlmasirahTV bildirib.
Qeyd olunur ki, yarım saatlıq hava döyüşündən sonra Yəmənin hava müdafiə sistemləri İsrail təyyarələrini öz hava məkanından uzaqlaşdırmağa nail olub. Heç bir strateji hədəf vurulmadan, sionist təyyarələri məcburən geri çəkilib. Bu, Yəmənin hərbi baxımdan mühüm uğurudur və bölgədə yeni bir dövrün başlanğıcını xəbər verir.
“İsrail rejimi yaxşı bilir ki, Yəmən cəbhəsi onun üçün ən çətin və ağrılı cəbhələrdən biridir. Buna baxmayaraq, sionist rejim, məhdud sayda hava hücumu ilə Yəmən xalqını təslim olmağa məcbur edəcəyini düşünərək böyük bir səhvə yol verir. Halbuki Yəmən 2015-ci ildən bəri ABŞ-Səudiyyə-BƏƏ koalisiyasının amansız hücumlarına sinə gərib, geri çəkilməyib.
İki ay öncə Yəmən Ali Siyasi Şurasının sədri Məhdi əl-Məşat, İsrail təyyarələrinin Yəmən səmalarında “gülüş obyektinə çevriləcəyini” bildirmişdi. Bu gün onun sözləri reallığa çevrilib – İsrailin təyyarələri “Qara Bayraq” əməliyyatının daha ilk dəqiqələrində Yəmən səmasından qaçmaq məcburiyyətində qaldı.
Sionist düşmənin uğursuzluğu bununla bitməyib. Yəmənin cavabı gecikmədən gəlib – Yəmən ordusu hipersəs sürətli raketlə işğal altındakı Fələstin torpaqlarında yerləşən sionist yaşayış məntəqəsini vurub. İsrail mediası raketin hədəfə dəydiyini və hava müdafiə sistemlərinin onu qarşısını ala bilmədiyini etiraf edib.”, -deyə Yəmən mənbələri qeyd edir.
Məlumatın davamında deyilir:
“Beləliklə, Yəmən bu qarşıdurmada iki əsas uğur qazanıb:
İsrail təyyarələrinin Yəmən hava məkanından qovulması.
Yəmən raketlərinin sionist hədəflərə dəqiq zərbə endirməsi.
Yəmən cəbhəsi ABŞ və İsrail üçün qorxulu bir gücə çevrilib. Bu cəbhə, Qətərdə aparılan danışıqlarda fələstinli müqavimət hərəkatlarının əlini gücləndirən əsas faktor olaraq qalır. Əgər bu cəbhə olmasaydı, İsrail daha sərt və təkəbbürlü davranardı.
İsrailin Yəmənə qarşı başlatdığı nümayişkaranə əməliyyat uğursuzluqla nəticələndi. İndi isə işğalçı rejim yeni və daha güclü zərbələri gözləməlidir. Çünki Yəmən nə geri çəkilir, nə də mübarizəsindən vaz keçir. Yəmənin Qəzzaya dəstəyi isə hər hansı bir təhdidə və ya qurbanlara baxmayaraq davam edəcək.”