İsrailin keçmiş Baş naziri Netanyahu-nu sərt tənqid edib.
İsrailin keçmiş Baş naziri Ehud Olmert nadir hallarda olan açıqlama ilə "iki dövlətli həllin" Qəzza zolağında davam edən münaqişəni bitirməyin yeganə yolu olduğunu düşündüyünü bildirib və hazırkı İsrail Baş naziri Benjamin Netanyahu-ya sərt tənqidlər yönəldib. O, Netanyahu-nu 7 oktyabr hücumu zamanı İsrailliləri qorumaqda acınacaqlı şəkildə uğursuz olmaqla ittiham edib.
Olmert AFP-yə verdiyi müsahibədə "davam edən müharibənin İsrailin milli maraqlarına xidmət etmədiyini, əksinə vətəndaşların təhlükəsizliyi hesabına Netanyahu-nun şəxsi prioritetlərini əks etdirdiyini" söyləyib.
"Netanyahu ən vacib vəzifəsi olan xalqı qoruma öhdəliyini yerinə yetirmədi. Təkəbbür və həddindən artıq özünəinam, mötədil fələstinlilərlə danışıqlar aparma ehtiyacını görməzlikdən gəlməsinə səbəb oldu."
Olmert "Müharibəni genişləndirmə qərarı həqiqi təhlükəsizlik səbəblərinə deyil, dar siyasi maraqları əsasında qəbul edilib" deyib və "İsrailin Qərbi Sahildə fələstinli mülki əhaliyə qarşı hücumların məsuliyyətini də daşıdığını" bildirərək bunu "bağışlanmaz" kimi qiymətləndirib.
Siyasi həllər barədə Olmert "iki dövlət" seçimini dəstəkləyən beynəlxalq addımlardan məmnunluğunu ifadə edərək, Fransa Prezidenti Emmanuel Makronun bu kontekstdəki roluna işarə edib və Qəzza əhalisinin humanitar ehtiyaclarının effektiv və daimi şəkildə təmin edilməsi çağırışında bulunub.
Keçmiş Fələstin Xarici İşlər naziri Nasir əl-Kidva isə Fələstin xalqının öz talelərini təyin etmək hüququnun heç kimdən bir lütf olmadığını, əksinə "inkar edilə bilməyən təbii və tarixi hüquq" olduğunu vurğulayıb. "Birgə yaşayış yalnız iki xalq üçün iki dövlət vasitəsilə təmin edilə bilər" deyib.
Hər iki tərəfi birbaşa tənqid edən əl-Kidva, mövcud İsrail və mövcud Fələstin liderliyinin altında ciddi irəliləyişin qeyri-mümkün olduğunu söyləyib və "sülh üçün həqiqi üfüq açmaq" məqsədilə hər iki rejimin dəyişdirilməsi çağırışında bulunub.