İsrailin səlahiyyət müddəti bitməkdə olan baş naziri Yair Lapid Benyamin Netanyahunun təşkil etdiyi hökuməti kəskin tənqid edib və bu hökumətin xəcalətə səbəb olduğunu bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Yair Lapid bunu tvitter səhifəsində yazıb.
O, Netanyahunun ifratçı və radikal-sağcı partiyalarla koalisiya qurub hökuməti formalaşdırmasına işarə edərək deyib:
“Bu hökumət formalaşmamışdan öncə ən korrupsioner olduğunu göstərir. Hökumətin başçısı elə bir zamanda kabinetini təşkil edir ki, cinayətləri ilə bağlı mühakimə edilir. O, həbsxanada olmuş bir cinayətkarı sizin əmlakınıza nəzarət edəcək bir rəsmi olaraq təyin edəcək, habelə terror təşkilatını dəstəkləyən digər bir cinayətkarı Polisə təyin edəcək. Hər bir hörmətli sionist belə bir hökuməti gördükdə xəcalət çəkməlidir”, deyə Yair Lapid əlavə edib.
Qeyd edək ki, Netanyahu gözlənildiyi kimi hökuməti digər ultra-sağ təmayüllü partiyalarla birgə formalaşdırıb.
Belə ki, bu hökumətdə Netanyahunun müttəfiqləri Aviqdor Maozun rəhbərlik etdiyi “Noam” partiyası, Bezalel Smotriçin rəhbərlik etdiyi “Yəhudi evi”, İtamar ben Qvirin başçılıq etdiyi “Otzma Yehudit” (Yəhudi əzəməti) kimi radikal və ultra-sağ partiyalar yer alıb.
İsraildəki müşahidəçilərin və siyasətçilərin, o cümlədən solçu Meretz partiyasının rəhbəri Zahava Qalonun fikrincə, “Netanyahu hökuməti ölkənin tarixində ən sağçı, dini və irqçi hökumət olacaq”.