Mühasirə altındakı Qəzza zolağında İsrail hücumlarından qalan "şübhəli bir cismin" çıxarılması zamanı baş verən partlayışda 2 nəfər həlak olub.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstin Daxili İşlər Nazirliyinin açıqlamasında şəhərin mərkəzi bölgələrində müqavimət qruplarından birinə məxsus bir yerdə İsrail hücumlarından qalan "şübhəli bir obyekt" sökülərkən partlayış baş verdiyi bildirilib.
Partlayış nəticəsində 2 nəfərin öldüyü və yaralananların olduğu qeyd edilib.
Açıqlamada hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, İsrailin mühasirədə olan Qəzza zolağına 10 mayda başlatdığı hücumlar "Həmas" ilə əldə edilən atəşkəsə uyğun olaraq 21 mayda sona çatdı.
İsrailin Qəzzaya etdiyi hücumlarda 66 uşaq və 39 qadın daxil olmaqla 254 fələstinli həyatını itirdi, 1.948 nəfər yaralandı, minlərlə bina tamamilə dağıdıldı və ya yararsız hala gətirildi.