İsrail ötən ayın doqquzunda Suriya-İraq sərhədində hərəkətdə olan maşın karvanına hava zərbələrinin detallarını açıqlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi ötən ayın doqquzunda hərbi təyyarələrlə İraq-Suriya sərhədində maşın karvanına endirilən hava zərbələrinin təfərrüatını açıqlayıb və bildirib ki, burada İranın Suriya və Livana göndərmək istədiyi silah yükü hədəfə alınıb.
O bildirib ki, 25 maşından ibarət olan karvandakı səkkizinci maşında İran silahlarının olması ilə bağlı kəşfiyyat məlumatı daxil olub və bu maşın hədəfə alınıb.
“Bu, İsrail ordusunun apardığı müharibələrdən biridir və bu, elə də ciddi aparılmayıb. Çünki Tehran bəzən Suriyaya və Livandakı Hizbullah-a qaçaqmalçılıq yolu ilə silah daşımağa nail olub. Amma İranın Suriyanın (işğalda olan) Colan təpələrində yeni Hizbullah yaratmaqla bağlı ümumi xəyalı alınmayıb”, deyə İsrail hərbi rəsmisi əlavə edib.
Qeyd edək ki, sözügedən hücumda bir neçə neft daşıyan maşın sıradan çıxmış və bir neçə nəfər də həyatını itirmişdi. Suriyanın Colan Yüksəkliklərini, habelə Livanın Məzare-Şəba və Kəfar-Şuba bölgələrini işğalda saxlayan İsrail bu iki ölkə ərazisində İranın kök atmasına imkan verməyəcəyini deyir.