Atəşkəsə baxmayaraq, fevralın 19-da Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrailin hücumları nəticəsində 20-dən çox fələstinli həlak olub.
Az.rasthaber.com xəbər verir ki, Qəzza hökumətinin Rəfah şəhərindəki Mərkəzi Fövqəladə Hallar Komitəsi bəyanat yayaraq, İsrail ordusunun atəşkəs razılaşmasının çoxsaylı pozuntularına yol verdiyini bildirib.
Bəyanatda İsrail ordusunun törətdiyi qanun pozuntuları nəticəsində 20-dən çox fələstinlinin həyatını itirdiyi, yaralandığı və nəzarətə alındığı, İsrail tanklarının Misir-Fələstin sərhədini keçərək Rəfahın mərkəzi və qərb bölgələrinə keçdiyi qeyd edilib.
Vasitəçi ölkələrə müraciət edən bəyanatda onlar “İsraili cilovlamaq, onun atəşkəs razılaşmasının müddəalarına əməl etməsini təmin etmək, pozuntularına son qoymaq üçün məsuliyyət daşımağ”a çağırılıb.
Qəzzada kütləvi dağıntıların aradan qaldırılması və xarabalıqlar altında qalmış cəsədlərin çıxarılması üçün ağır tikinti texnikasının gətirilməsinə ehtiyac bir daha vurğulanıb.
Köçkün fələstinlilərin məskunlaşdıqları yerə qayıtmalarını asanlaşdırmaq üçün yolların və meydanların açılmasına ehtiyac olduğu, bunun üçün ağır tikinti texnikasına ehtiyac olduğu bildirilib.
Qəzzadakı hökumət rəqəmlərinə görə, yanvarın 19-da İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasının qüvvəyə minməsindən sonra Qəzzada 92 fələstinli ölüb, 822-i yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-dən atəşkəs rejiminin qüvvəyə mindiyi 2025-ci il 19 yanvara qədər İsrailin Qəzza zolağına etdiyi hücumlarda 61 mindən artıq fələstinli həyatını itirib, 14 mindən çoxu isə dağıntılar altında qalıb və itkin düşüb.