İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilində fələstinli ailənin evini söküb.
Az.rasthaber.com “Anadolu”-ya istinadən xəbər verir ki, evin sahibi Atif ən-Nəys deyib ki, Beytullahim şəhərindəki evlərinin dağıdılması nəticəsində 7 nəfərlik ailə qış günlərində yurdsuz qalıb.
Onun sözlərinə görə, evin tikintisi keçən il başa çatmışdı.
Rejim onun evini “tikinti üçün lazımi icazələrin olmaması” bəhanəsi ilə söküb.
Söküntü zamanı işğalçı qüvvələr və fələstinlilər arasında toqquşma baş verib. İsrail qüvvələri fələstinlilərə qarşı döyüş güllələri və gözyaşardıcı qazdan istifadə edib.
BMT-nin məlumatına görə, İsrail rejimi 2021-ci ilin əvvəlindən bəri “qeyri-qanuni inşaat” bəhanəsi ilə fələstinlilərə aid 768 evi ya söküb, ya da müsadirə edib. Üstəlik daha minlərlə ev də sökülmə və müsadirə təhlükəsi ilə üz-üzədir.