Cenin Bələdiyyəsi işğalçı İsrail ordusunun İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsində təxminən 600 evi dağıdıb və düşərgəni "yaşamaq üçün yararsız" etdiyini açıqlayıb.
Az.rastahber.com xəbər verir ki, Cenin Bələdiyyəsindən verilən açıqlamada bildirilib:
"İsrailin 68 günlük hücumları zamanı evlərin dağıdılması və yandırılması, bəzilərinin isə hərbi kazarmalara çevrilməsi səbəbindən Cenin Qaçqınlar Düşərgəsi tamamilə yaşayış üçün yararsız bir əraziyə çevrilib".
Soyqırım törədən İsrail ordusunun düşərgədəki 600-ə yaxın evi və infrastrukturu tamamilə yerlə-yeksan etdiyi bildirilən açıqlamada, İsrail ordusunun 360 min əhalisi olan Cenin şəhərini sərt mühasirəyə aldığı da bildirilib.
Cenin Düşərgəsi Media Komitəsindən verilən açıqlamada düşərgədəki 3250 evin İsrailin hücumları nəticəsində yaşayış üçün yararsız hala düşdüyü diqqətə çatdırılıb.
Bəyanatda sionist İsrail ordusunun düşərgəyə əlavə hərbi qüvvələr və buldozerlər göndərdiyi, yerdəyişmələrin davam etdiyi, canlı sursatlardan geniş şəkildə istifadə edildiyi və düşərgə ətrafında pilotsuz uçuş aparatlarının (PUA) uçuşlar apardığı bildirilib.
Bəyanatda düşərgənin 21 min fələstinli qaçqını qəbul etdiyi və düşərgədəki bütün fələstinlilərin Cenin şəhəri və kəndlərinə köçürüldüyü vurğulanıb.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə İsrail ordusunun 62 gündür Tülkərim şəhəri və Tülkərim Qaçqınlar Düşərgəsinə, 49 gündür isə Nur Şəms düşərgəsinə hücum etdiyi bildirilib.
Xəbərdə bölgəyə əlavə hərbi qüvvələrin göndərildiyi və hücumların artmaqda davam etdiyi qeyd edilib.