İsraildə hökuməti formalaşdıran Benyamin Netanyahu Suriyanın Colan Yüksəklikləri və İordan çayının qərb sahilində yaşayış massivlərin layihələrini genişləndirəcəyini bildirib.
Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, Netanyahu bu barədə Teleqram səhifəsində məlumat yayıb.
“Mənim rəhbərliyim altında olan milli hökumətin əsas istiqamətləri bunlardır: Hökumət bütün İsrail torpağında - Qalileyada, Negevdə, Colanda, Yəhudeyada və Samariyada məskunlaşmanı təşviq edəcək və onu genişləndirəcək. Hökumət zorakılıq və terrorizmlə qətiyyətlə mübarizə apararkən milli təhlükəsizliyi qorumaq və öz vətəndaşlarının şəxsi təhlükəsizliyini təmin etmək üçün fəal çalışacaq”, deyə o bildirib.
Netanyahu İranla bağlı yazıb:
“Hökumət İranın nüvə proqramına qarşı mübarizəni davam etdirməyə, İsrailin təhlükəsizliyini və onun tarixi və milli maraqlarını qoruyaraq bütün qonşularımızla sülhü təşviq etməyə çalışacaq.”
Qeyd edək ki, Netanyahu daha əvvəl “Jewish Insider” qəzetinə müsahibəsində Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin normallaşması qarşılığında (işğal altındakı) İordan çayının qərb sahili bölgələri və Colanda yəhudilərin məskunlaşması layihələrini təxirə salacağını demişdi.