İraqlı millət vəkili deyib ki, bu ölkə parlamenti ABŞ-ın hərbi hissələrinin İraq ərazisində qalması ilə razılaşmayacaq.
Rasthaber Azərbaycan teleqraf.com-a istinadla xəbər verir, Kərim Əl-Məhəmmədavi bununla əlaqədar bildirib: "Bu ilin yanvarında İraq parlamenti birmənalı şəkildə ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılması haqqında qanun qəbul edib. Və biz öz qanunlarımıza sadiq qalaraq xarici dövlətlərə məxsus hərbçilərin ölkəmizin ərazisində qalmasını istəmirik”.
Qeyd edək ki, İraq parlamenti müqavimət komandirlərinin ABŞ tərəfindən sui-qəsdə məruz qalmasının ardınca xarici qüvvələrin ölkədən çıxarılması barədə qərar qəbul etdi. Hazırda da isə yeni hökumət məsələni amerikalılarla müzakirə etməyə hazırlaşır.
Lakin qanunvericilik orqanı indidən bəyan edir ki, danışıqlar zamanı hökumətin mövqeyi ondan ibarət olmalıdır ki, xarici qüvvələr ölkəni tərk etsin və İraqın suverenliyinə hörmətlə yanaşılsın.
Xatırladaq ki, İŞİD terror qruplaşması ilə mübarizə adı altında ABŞ-ın rəhbərliyi ilə hərbi koalisiya yaradılıb və 2015-ci ildə İraqa hərbi hissələr yeridilib. Zaman keçdikcə məlum olub ki, məhz bu qüvvələr terrorçulara nəfəslik verir və onların birdəfəlik məhv olmasını əngəlləyirlər. Bu yaxınlarda isə İŞİD-çilərin Suriyadan İraqa köçürülməsi və ABŞ ordusunun bu işdə yardımçı olması barədə məlumat yayıldı.
Müşahidəçilər bildirirlər ki, Amerika İraqda öz hərbi mövcudiyyətini əsaslandırmaq üçün bu addımı atıb.
İraqın Əs-Sabah qəzeti isə məlumatlı mənbələrə istinadən bu ayın 11-də keçirilməsi planlaşdırılan İraq-ABŞ görüşündə İraqda yerləşən ABŞ qüvvələrinin gələcəyi və digər vacib məsələlər barədə fikir mübadiləsi üçün açıq bir platforma yaradılacağını bildirib.