Yaxın günlərdə Suriya və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar baş tutacaq.
Az.rasthaber.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb.
Məkan olaraq İraqın paytaxtı Bağdad şəhəri seçilib.
Bildirilir ki, türkiyəli və suriyalı rəsmilərin görüşü İraq Baş naziri Məhəmməd əs-Sudaninin vəsitəçilik səyləri sayəsində mümkün olub.
Qeyd edilir ki, son zamanlar İraq Baş naziri və hökumət üzvləri Dəməşq və Ankara arasında barışığın əldə edilməsi məqsədilə gizli şəkildə bütün mümkün kontaktları aktivləşdiriblər və bu məqsədə nail olmaq xatirinə bir sıra ikitərəfli görüşlər keçiriblər.
Danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin tərkibləri və dəqiq tarixi barədə məlumat isə verilməyib. Rəsmi Bağdad da hələ ki, məsələ ilə bağlı şərh verməyib.
Xatırladaq ki, bir neçə gün öncə əs-Sudani bəyan etmşdi ki, İraq Suriya və Türkiyənin yaxınlaşması və onlar arasında dialoqun qurulması üzərində işləyir.