İraq İran və Türkiyə ilə sərhədə altı min qüvvə yerləşdirib

İraq İran və Türkiyə ilə sərhədə altı min qüvvə yerləşdirib

İraq İran və Türkiyə ilə sərhəd keçid məntəqələrində və postlarda altı min köməkçi polis və sərhədçi qüvvələrinin yerləşdirildiyini bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın daxili işlər naziri Əbdül-Əmir əl-Şimmari əl-Ərəbiyyə telekanalına deyib.

O, təmsil etdiyi hökumətin İran və Türkiyə ilə sərhədlərinə nəzarət etmək üçün tədbirlər gördüyünə işarə edərək, burada altı min köməkçi qüvvənin yerləşdirildiyindən xəbər verib.

“İraqın sərhədləri qırmızı xəttdir və onlara nəzarət etməkdə səhlənkarlıq olmayacaq”, deyə o əlavə edib.

İraq daxili işlər naziri həmçinin İran və Türkiyə ilə sərhədlərdə nəzarət məntəqələri, kameraların quraşdırılması və sərhəd gözətçi qüllələrinin inşası üçün büdcədən vəsaitin nəzərdə tutulduğunu deyib.

Suriya ilə sərhədə gəlincə, Sincarda 65 kilometr uzunluğunda beton hasar çəkildiyini vurğulayan Əl-Şimmari əlavə edib: “Biz monitorinq layihəsinə başlamışıq və tezliklə İraqın bütün ölkələrlə sərhədlərinə nəzarət etmək üçün müvafiq tədbirlərə başlanılacaq.”

Qeyd edək ki, Türkiyə İraqın şimalında PKK, İran isə PEJAK və Komala kimi separatçı qruplaşmaları hədəfə alırlar. Bu iki ölkə İraqdan sərhədlərinə nəzarəti gücləndirməyi tələb edirlər.

Xəbəri paylaş

VİDEOLAR