İran İslam Respublikasının yeni seçilmiş Prezidenti məzlum Fələstin xalqına dəstəyi islami, insani və əxlaqi təlimlərdən, mərhum İmam və İslam İnqilabının Ali Rəhbərinin göstərişlərindən qaynaqlandığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə bazar günü doktor Məsud Pezeşkiyan ilə telefon danışığında onu İran xalqının etimadını qazanması münasibətilə bir daha təbrik edib, bu seçkini İran xalqının və İslam Respublikasının qüdrətini nümayiş etdirən bir hadisə kimi qiymətləndirərək deyib: “Təbrik mesajıma cavab verdiyinizə görə təşəkkür edirəm. Bu cavab məktubunuz Fələstin xalqı və müqaviməti ilə bağlı həqiqi islami mövqelərinin daşıyıcısı idi. Bu məktub Fələstin məsələsi, Qüds və Məscidül-Əqsanın azadlığı ilə bağlı İran İslam Respublikasının mövqelərinin davam etdirilməsində gələcək siyasətinizi göstərir.”
Həniyyə Qəzzədəki son vəziyyət barədə məlumat verərkən “Əl-Əqsa Tufanı” əməliyyatından 9 aydan çox vaxt keçməsinə toxunub, bu əməliyyatı Fələstin xalqının öz torpaqlarını azad etmək üçün ən böyük döyüşlərindən biri adlandıraraq deyib: “Sionist rejim və onun havadarları bu 9 ayda ən böyük və ən dəhşətli cinayətlər və kütləvi qətllər törədib.”
HƏMAS Siyasi Ofisinin rəhbəri həmçinin sionist rejimin Qəzzənin Xan Yunis bölgəsində şənbə günü törətdiyi cinayətə toxunaraq deyib: “Sionistlər hər dəfə belə cinayətlər törədəndə HƏMAS-ın əsas komandirlərini şəhid etməyə çalışdıqlarını iddia edərək, buna haqq qazandırmağa cəhd edirlər, amma bu iddialar ictimai rəyi çaşdırmaq üçündür və tamamilə yalandır. Aydındır ki, Netanyahu təkcə müharibəni bitirmək üçün razılıq əldə etmək deyil, üstəlik, müharibəni genişləndirmək istəyir!”
Doktor Pezeşkiyan bu telefon danışığında sionist rejimin son cinayətini pisləyib və fələstinlilərə başsağlığı verərək bildirib: “Bu cür cinayətlərin törədilməsi sionist rejimin Fələstin müqavimətinin ruhunu əzmək məqsədi ilə Qəzzədə günahsız və müdafiəsiz fələstinlilərə qarşı cinayət və qətlini davam etdirmək əzmini göstərir. Təbii ki, Allahın lütfü ilə uğur qazanmayacaq.”
Yeni seçilmiş Prezident təbriklərinə görə HƏMAS-ın Siyasi Ofisinin rəhbərinə təşəkkür edib, İran İslam Respublikasının məzlum Fələstin xalqına dəstəyini islami, bəşəri və əxlaqi təlimlərdən, mərhum İmam və İslam İnqilabının Ali Rəhbərinin göstərişlərindən qaynaqlandığını bildirərək deyib: “Mənim hökumətim İslam dünyasının əsas məsələsi kimi Fələstin məsələsini prioritetləşdirəcək, bütün siyasi və diplomatik rıçaqlardan istifadə edərək, digər islami və qonşu ölkələrin əməkdaşlığı ilə Qəzzəyə qarşı müharibənin sona çatmasına və müdafiəsiz Fələstin xalqının qətlinin dayandırılmasına çalışacağıq.”
“Növbəti addımda Fələstin torpaqlarının uzunmüddətli işğalına son qoymağı ciddi şəkildə davam etdirəcəyik”- deyə vurğulayan doktor Pezeşkiyan bildirib: “İnanırıq ki, Qəzzənin gələcəyi Fələstin-Fələstin razılaşması çərçivəsində Fələstin xalqı tərəfindən müəyyən edilməlidir. Bu həqiqəti nəzərə almadan, hər hansı başqa plan və təşəbbüs uğursuzluğa məhkum olacaq.”