Əfqanıstanla qonşu olan ölkələrin nazirlər səviyyəsindəki 2-ci görüşü bu gün səhər saatlarında start götürüb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, görüş Tehrandakı İran XİN binasında keçirilir.
Tədbirdə Özbəkistan, Türkmənistan, Tacikistan və Pakistan XİN başçıları, həmçinin Çin və Rusiya səfirləri əyani surətdə iştirak edirlər.
Rusiya və Çinin XİN başçıları isə görüşdə onlayn şəkildə iştirak edirlər.
İranın vitse-prezidenti Məhəmməd Müxbir görüşdə nitqlə çıxış edəcək.
“Ümid edirik ki, biz bu gün yekdilliklə dünya ictimaiyyətinə, regional ölkələrə və Əfqanıstana mesaj göndərə biləcəyik”, - deyə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan bildirib.
O deyib ki, “biz hamımız mövcud vəziyyətdən çıxması üçün Əfqanıstana kömək etməliyik”.
İranlı nazirin sözlərinə görə, Əfqanıstandakı böhranın yoluna qoyulması üçün daxili birlik, bütün imkanlardan istifadə və yüksək bacarıqlar tələb olunur.
Abdullahiyan əlavə edib ki, ABŞ Əfqanıstandakı son 20 ildəki və hazırkı problemlərə görə məsuliyyət daşımalı və Əfqanıstanın bu vəziyyətdən çıxarılması üçün ciddi addımlar atmalıdır.