Bildirilib ki, İranın paytaxtı Tehranda 95 dövlət qurumunun elektrik enerjisi qənaət tədbirlərinə əməl etmədiyi üçün kəsilib.
Az.rasthaber.com xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Tehran Elektrik Paylayıcı Şirkətinin baş direktoru Qasım Şahabi mövzu ilə bağlı məlumat verib.
"Nazirlər Şurasının qərarına əsasən, banklar, dövlət idarələri və silahlı qüvvələr kimi qurumlar bu il iş vaxtı ərzində elektrik enerjisi istehlakını 2021-ci ilə nisbətən 30 faiz azaltmalıdırlar", - Şahabi deyib.
Bu qaydaya əməl etməyən qurumların yoxlanıldığını bildirən Şahabi deyib:
"Tehranda elektrik qənaət tədbirlərinə əməl etməyən 95 dövlət qurumunun elektrik enerjisi kəsilib".
Son 11 ilin ən isti günlərinin yaşandığı İranda ötən illə müqayisədə gündə 6 min meqavat daha çox elektrik enerjisi istehlak edildiyi bildirilir.
Elektrik istehlakının dünya ortalamasından yüksək olduğu İranda ötən ilin yay aylarında elektrik enerjisinin tez-tez kəsilməsi sənayeçilərin və ictimaiyyətin reaksiyasına səbəb olub.