İran XİN-dən General Süleymaniyə qarşı törədilən terror aktının ikinci ildönümülə bağlı bəyanat

İran XİN-dən General Süleymaniyə qarşı törədilən terror aktının ikinci ildönümülə bağlı bəyanat

İranın Xarici İşlər Nazirliyi İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı mərhum Qasim Süleymaniyə qarşı törədilən terror aktının ikinci ildönümü ilə bağlı bəyanat verib.

 İranın Xarici İşlər Nazirliyi İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı mərhum Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bağlı bəyanat verib.

Rasthaber Azərbaycan "SalamNews"a istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin şəhid Süleymaninin terrora məruz qalmasının ildönümü ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İslamın rəşadətli komandanı, General Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində, mübarək həyatını İrana, İslama, bölgədə sülhə və təhlükəsizliyə səmimi xidmətdə keçirmiş bu ölməz şəhidin xatirəsini yad edir.

Şəhid Süleymani həmişə İran İslam Respublikasının prinsipial siyasətlərinə uyğun olaraq regional və beynəlxalq səviyyədə sülh və sabitliyin bərqərar olmasına köməklik göstərilməsi, beynəlxalq terrorizm və regionda artan terror qrupları ilə mübarizə üçün çoxlu fəaliyyət və səylər göstərib.

Bu səbəbdən o, haqlı və qürurla terrora qarşı mübarizənin qəhrəmanı və sülh komandiri adlandırılıb. Bu rol və mövqeyə baxmayaraq, ABŞ hökuməti beynəlxalq hüququn qayda və prinsiplərini pozan cinayət əməlində ikili standartlar tətbiq edərək və saxta ittihamlar, o cümlədən terrorla mübarizə iddiaları irəli sürməklə İran İslam Respublikasının ən yüksək səviyyəli rəsmilərindən biri olaraq Şəhid Süleymaniyə qarşı, özü də qonaq olduğu İraq ərazisində, terror aktı planlaşdırıb həyata keçirdi.

O vaxtkı ABŞ rəsmilərinin beynəlxalq terrorla mübarizə qəhrəmanını terror etmək üçün atdıqları addımın özü də terror qruplarına dəstək mesajı idi və bu əməl terrorla mübarizə iddiaçılarının yalanlarını açıq şəkildə ifşa etdi.

General Süleymaninin, Əbu Mehdi əl-Mühəndisin və silahdaşlarının şəhadəti nəinki müqavimət silahının imkanlarını azaltmadı, əksinə, bir tərəfdən İranın daxili mühitini milli birlik və həmrəyliklə doldurdu, digər tərəfdən müqavimətin strategiyasını və diskursunu daha da qabartdı.

Bu sui-qəsdə cavab olaraq, İran İslam Respublikası Silahlı Qüvvələrinin İraqdakı Eyn əl-Əsəd bazasında yerləşən Amerika hərbçilərinə şillə kimi dərhal və təsirli zərbəsi və bu hadisənin iranlı və iraqlı şəhidlərin qanının mənəvi təsirləri balansı dəyişdi və ABŞ-ın regional strategiyasının məğlubiyyətinə səbəb oldu. ABŞ-ın Əfqanıstandan qaçması, İraqdan çəkilməsi prosesinin başlaması və bu ölkənin Fars körfəzi geostrateji regionunda hərbi mövcudluğunun strategiyasının dəyişməsi bu məğlubiyyətin nəticələrinin yalnız bir neçəsidir.

Şübhəsiz, ABŞ-ın General Süleymaninin şəhid edilməsində törətdiyi cinayət əməli o vaxtkı ABŞ hökuməti tərəfindən planlaşdırılmış və mütəşəkkil şəkildə həyata keçirilmiş “terror hücumu” nümunəsidir və indi də bunun məsuliyyətini Ağ Ev daşıyır.

Beynəlxalq və hüquqi normalara görə, ABŞ hökuməti bu cinayətə görə “qəti beynəlxalq məsuliyyət” daşıyır. Bu kontekstdə, bu terror cinayətinin bütün sifarişçiləri, göstəriş verənləri, idarəçiləri və icraçıları məsuliyyət daşıyır və buna görə də Xarici İşlər Nazirliyi İran İslam Respublikasının digər qurumları və məhkəmə sistemi ilə əməkdaşlıq edərək ilk gündən və “cinayətkarların cəzasızlığı ilə mübarizə” hüquqi prinsipi əsasında onların məsuliyyətə cəlb edilməsi üçün silsilə tədbirlərə başlayıb və bu tədbirlər yekun nəticə əldə olunana qədər davam edəcək.

Xarici İşlər Nazirliyi məsələni bütün ölkədaxili, ikitərəfli, regional və beynəlxalq səviyyələrdə davam etdirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirmiş və müxtəlif vaxtlarda onların hesabatları imkan daxilində böyük İran xalqına təqdim edilmişdir. Bu təqib yolu güclü və hərtərəfli davam edəcəkdir.

Bu tədbirlər siyasi, hüquqi, beynəlxalq və ictimai diplomatiya ölçülərində həyata keçirilib.

Bu baxımdan xarici və beynəlxalq aləmdə ABŞ-ın reallığı təhrif etməsinin və bundan sui-istifadə etməsinin qarşısını almaq üçün xüsusi səylər göstərildi. ABŞ hökumətinin beynəlxalq səviyyədə bu cinayəti törətdiyinə görə mənəvi, siyasi və hüquqi qınaq obyektinə çevrilməsi bu fəaliyyətin nəticələrindən biri olub.

Bu məsələnin izlənilməsində İran İslam Respublikası ilə İraq Respublikası arasında Birgə Məhkəmə Komitəsinin fəaliyyətinin davam etdirilməsini qeyd etmək lazımdır.

İran İslam Respublikası regionda sülh və sabitliyin bərqərar olması üçün həmişə təsirli və fəal tədbirlər görüb. İndi geniş və sabit qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün İran İslam Respublikasının qonşularının əlini sıxan 13-cü hökumətin yanaşmalarını nəzərə alaraq, region ölkələri arasında əlaqələrin inkişafı və möhkəmlənməsi üçün əvvəlkindən çox zəmin yaranıb.

İran dövləti və xalqı özünü region dövlətləri və xalqlarının yanında hesab edir və ərazi bütövlüyünün qorunub saxlanması, davamlı sabitlik və təhlükəsizliyin bərqərar olması, region ölkələrinin və İslam dünyasının inkişafı üçün heç bir yardımdan çəkinməyib və çəkinməyəcək.

Sonda ana vətəndə və dünyanın hər yerində yaşayan bütün iranlılarla birlikdə sülh və təhlükəsizlik komandanı, Hacı Qasım Süleymaninin uca ruhunu ehtiramla anırıq.”

Xəbəri paylaş

VİDEOLAR