İran dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
Səfir qeyd edib ki, İran Azərbaycanın apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə xalqımızı və Milli Məclisin Sədrini təbrik edib.
Bildirilib ki, hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri arasında mövcud olan münasibətlər iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Münasibətlərimizin bu səviyyəyə çatmasına parlamentlərimiz də öz layiqli töhfəsini verməkdədir. Deputatlarımız arasında keçirilən görüşlər tərəflər arasında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Qeyd edilib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindədir.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.