İran və Rusiya arasında tərəfdaşlıq haqda yenilənmiş saziş bu ilin sonuna qədər imzalana bilər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti“yə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, sazişin bağlanması üçün danışıqlar bir neçə gün əvvəl Tehranda keçirilib və Moskvada davam etdiriləcək:
"Tehranda bir neçə gün əvvəl danışıqlar aparılıb, bu ay isə Moskvada davam etdiriləcək. Ümid edirik ki, bu sonuncu danışıqlar olacaq və sənəd imzalanmağa göndəriləcək", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Tehran saziş üzərində hökumət səviyyəsində işlərin bu ilin sonuna qədər yekunlaşacağını planlaşdırır.
Xatırladaq ki, bu ilin mart ayının sonunda İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra bildirmişdi ki, yaxın zamanda Tehranda iki ölkə arasında uzunmüddətli strateji saziş imzalana bilər.