İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bildirib ki, İran Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında keçirilən dolayı atəşkəs danışıqlarında iştirak etməyib və etməyəcək.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi çərşənbə axşamı jurnalistlərin İranın atəşkəs danışıqlarında iştirak etmək üçün öz nümayəndəsini göndərib-göndərməyəcəyi ilə bağlı suallarına cavabında deyib: “Biz Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə HƏMAS və rejim arasında baş tutan atəşkəs danışıqlarında dolayısı ilə iştirak etməmişik və iştirak etmək məqsədimiz də yoxdur.”
ABŞ prezidenti Co Bayden administrasiyasının Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Bill Börns başda olmaqla bir qrup yüksək vəzifəli məmur atəşkəs razılaşması və əsirlərin azad edilməsi üçün Yaxın Şərq regionuna səfər etməyi planlaşdırır.
Bu danışıqların nəticələri bölgənin daha dərin böhrana və daha geniş qalıcı müharibəyə qərq olub-olmayacağını və ya 2023-cü il oktyabrın 7-dən bəri ilk dəfə ciddi kurs dəyişikliyinin olacağını göstərəcək. Bu danışıqların nəticəsi Baydenin irsini formalaşdıra bilər.
Sionist rejim səlahiyyətliləri ABŞ mediası “Axios”-a bildiriblər ki, cümə axşamı keçiriləcək danışıqlar razılaşma üçün "son şans"dır.