İran ordusu ölkənin cənub sularında üç günlük hərbi təlimlərə başlayıb.
"Zülfiqar 99" şərti adı verilən təlimlərdə hərbi katerlər, radar və raket sistemləri, quru qoşunlarının birləşmələri və hərbi hava qüvvələrinin qırıcıları iştirak edir. Təlimlərin radiusu Hörmüz boğazının şərqindən və Oman dənizindən Hind okeanının şimalına qədər 2 milyon kvadrat kilometr ərazini əhatə edir.
Hərbi təlimlərin sözçüsü Şəhram İraninin sözlərinə görə, Hind okeanında olan “Səhənd” hərbi gəmisi və "Bəndər Abbas" dəstək gəmisindən ibarət 69-cu dəniz donanması təxribatlara qarşı əks əməliyyatlar həyata keçirmək məqsədilə "xarici gəmilər" barədə məlumatları təlimlərdə iştirak edən digər birşmələrə ötürəcək.
Qeyd edək ki, son illərdə İranla ABŞ arasında gərginliyin artmasından sonra İran İslam Keşikçiləri Korpusu və İran ordusu İranın cənubunda bir neçə hərbi təlim keçiriblər. Mayın 11-də İran ordusunun keçirdiyi hərbi dəniz təlimlərindən birində “Konarək” gəmisi atəşə tutulub və hərbi rəsmilərin sözlərinə görə, insident nəticəsində 19 nəfər ölüb, 15 nəfər yaralanıb.