İran İraqdan Ərbəin ziyarəti dönəmində quru sərhədlərin açılmasını istəyib

İran İraqdan Ərbəin ziyarəti dönəmində quru sərhədlərin açılmasını istəyib

İran Ərbəin ziyarəti ərəfəsində İraqla olan quru sərhədlərin açılmasını istəyib.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf iraqlı həmkarı Məhəmməd Həlbusi ilə keçirilən birgə mətbuat konfransında deyib.

İran Parlamentinin sədri bu gün keçirilən sözügedən mətbuat konfransında iranlıların qonşu dövlətdən olan əsas istəklərindən birinin quru sərhədlərin açılması olduğunu bildirib.

“İran xalqının əsas istəklərindən biri də Ərbəin ziyarəti dönəmində quru sərhədlərin açılmasıdır ki, biz bunu İraq hökuməti və parlamentindən istəyirik”, deyə o əlavə edib.

İran parlamentinin sədri həmçinin İraq parlamentində olan siyasi qüvvələrin danışıqlarının nəticə verəcəyinə ümidvar olduğunu deyib və tezliklə İraq xalqının istədiyi hökumətin təşkil ediləcəyini arzu edib.

Qeyd edək ki, İraqda hazırki siyasi elita arasında Səudiyyə Ərəbistanı və ABŞ-ın dəstəklədiyi əsas fiqurlardan olan Məhəmməd Həlbusinin İrana səfəri, bu ölkədə hökumətin formalaşmasının gecikməsi fonunda baş verir. Belə ki, ötən ilin payızında parlament seçkilərinin keçirilməsinə baxmayaraq, buradakı siyasi cinahlar, əksəriyyətin təşkil etdiyi hökuməti hələ də formalaşdıra bilməyiblər.

Xəbəri paylaş

VİDEOLAR