İran ordusunun Hərbi Dəniz Qüvvələrinin müşayiət qrupu bazar ertəsi Ədən körfəzində dəniz quldurları ilə toqquşub və onların hücumunun qarşısını alıb.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, İran HDQ İran tankerində yerləşdirilən müşayiət qrupu Ədən körfəzinə doğru gedərkən, Babül-Məndəb boğazına çatmamış dəniz quldurları ilə toqquşub.
İçərisində 4-6 silahlı ekipaj olan 4 şübhəli qayıq İran neft tankerinə hücum edib ona yaxınlaşmaq istəyib, lakin İran HDQ həmin ərazidə yerləşən müşayiət qrupları vaxtında tədbir görərək, xəbərdarlıq atəşi açıblar və dəniz quldurlarını hadisə yerindən qaçmağa məcbur ediblər.
Bundan əvvəl İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani də dəniz qoşunlarının 78-ci eskadrasının xüsusi təyinatlılarının Ədən körfəzində İranın ticarət karvanına hücum planlaşdıran quldurlara qarşı əməliyyatından xəbər vermişdi.