63 yaşlı Uran Nəbiyev "ehtiyatsızlıqdan adam öldürmə"də təqsirli bilinib.
Rasthaber Azərbaycan xəbər verir ki, İngiltərədə yaşayan azərbaycanlı Uran Nəbiyev 26 yaşlı Jake Kemp-in ölümündə təqsirli bilinərək 14 il müddətinə həbs olunub.
63 yaşlı Uran Nəbiyev "ehtiyatsızlıqdan adam öldürmə"də təqsirli bilinib.
Onun ailəsi BBC News Azərbaycancaya bildirib ki, Uran Nəbiyev qərardan appelyasiya şikayəti vermək niyyətindədir.
Nəbiyevlər ailəsi hadisədən təəssüfləndiklərini bildiriblər.
Nə baş verib?
Hadisə ötən il, oktyabr ayında 33 yaşlı John Ambler və Jake Kemp ilə birlikdə əyləncədən qayıdan gecə baş verib.
Məhkəmə məlumatlarında deyilir ki, John Ambler azərbaycanlı Uran Nəbiyevin park edilmiş avtomobilinə yumruqla vuraraq, yan güzgüsünü sındırıb.
Nəbiyev Toyota Prius avtomobilinə minərək səkiyə çıxıb və prokuror Anthony Orchard QC-in təbirincə, "avtomobilindən silah kimi istifadə edərək" onların üzərinə sürüb.
Nəticədə Ambler çiynindən zədə alıb, Kemp isə qaçmağa çalışıb.
Məhkəmə materiallarına görə, o büdrəyib yıxılanda Nəbiyev avtomobili onun üzərinə sürüb və onu səki boyunca sürüyüb.
Başından ölümcül zərbə alan Kemp üç gün sonra vəfat edib.
Hakim bildirib ki, təqsirləndirilən etdiklərinə görə "peşmançılıq nümayiş etdirməyib".
Nəbiyev özünə qarşı olan bütün ittihamları, o cümlədən qətl ittihamını rədd edib.
"Atamızın yanındayıq"
Nəbiyevlər ailəsi BBC News Azərbaycancaya müsahibədə hadisədən təəssüfləndiklərini bildiriblər.
Onlar açıqlamalarında deyilir ki, Nəbiyev Britaniyaya öz istəyilə qayıdıb və məhkəmədə bildirib ki, qayıtmağı onun peşman olduğunu göstərir.
"Biz inanırıq və təsdiqlənib ki, onun öldürmək niyyəti olmayıb, sadəcə qorxutmaq istəyib. Əlbəttə ki, düz qərar olmayıb, amma bu baş verib. Çox təəssüfverici hadisədir.
Biz hamımız çox kədərliyik, amma atamızın yanındayıq. Baş vermiş hadisəyə görə çox təəssüflənirik. Bunu məhkəmədə də dedik", onun uşaqları BBC News Azərbaycancaya bildirib .
"Özümüzü çox pis hiss edirik, çünki atamız də cavan insan deyil. Onun sağlamlıq vəziyyəti də yaxşı durumda deyil. Ona görə də çox narahatıq".
Onlar deyiblər: "Bu insanın heç vaxt heç bir insana pisliyi dəyməyib. Heç vaxt cinayət törətməyib. Heç vaxt dava-dalaşlara qoşulmayıb. Amma bir dəfə emosiyaını saxlamayıb və təəssüf ki, belə hadisə baş verib."
Ailəsi Uran Nəbiyev "fikirlərini daha yaxşı çatdırmaq üçün" qərardan appelyasiya şikayəti vermək istədiyini bildirib.
Kempin ailəsi oğullarının orqanlarını ianə ediblər.
Məhkəmə dinləmələrində bildirilib ki, hadisədən sonra Nəbiyev "təşviş, titrəmə və dili dolaşa-dolaşa" dostunun evinə gedib.
Pizza çatdırma sürücüsü kimi çalışan Uran Nəbiyev hadisədən dərhal sonra Azərbaycana gedib və noyabrın 10-da Britaniyaya qayıdarkən Luton hava limanında həbs olunub.
Nəbiyev məhkəmədə bildirib ki, maşınına zərər verən şəxsləri ona "dəymiş ziyanı ödəmək barədə danışmaq üçün" təqib edib, məhkəmə isə onun bu müdafiə iddiasını rədd edib.
Qərarı oxuyan hakim Richard Marks hadisəni "həqiqətən dəhşətli" və "avtomobilinizə dəyən kiçik ziyana çirkin və tamamilə əsassız kəskin reaksiya" kimi dəyərləndirib.