Bu barədə İran XİN başçısının müavini Əli Baqiri Kəni bildirib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, İran və Böyük Britaniya arasında 1979-cu ildə tədarük edilməyən tanklara görə rəsmi Tehrana 400 milyon funt sterlinqin (535 milyon dollar) ödənilməsinə dair prinsipial razılıq əldə edilib.
“Borcun ödənilməsinə və onun səviyyəsinə dair əsas məsələ razılaşdırılıb, lakin ödəmə metod və prosesi ilə bağlı məsələ hələ həll edilməyib”, – deyə iranlı diplomat bildirib.
Xatırladaq ki, Beynəlxalq Məhkəmə 2012-ci ildə Böyük Britaniyanı pozduğu müqaviləyə görə İrana təzminat ödəməyə çağırıb. Belə ki, 1974-cü ildə Böyük Britaniyanın “International Military Services” (IMS) şirkəti və İran arasında bağlanmış müqaviləyə əsasən, şirkət İrana 1 mindən çox Britaniya tankı tədarük etməli idi, lakin İrandakı 1979-cu il inqilabı və dövlət quruluşunun islami idarəetməyə keçməsindən sonra rəsmi London razılığın şərtlərini yerinə yetirməkdən imtina edib. Rəsmi Tehran hələ də təzminatı ala bilmir. Britaniya rəhbərliyi iddia edir ki, borcu geri ödəyə bilmir, çünki İranın Müdafiə Nazirliyi sanksiya altındadır.