Pakistanın keçmiş baş naziri İmran Xan Milli Hesabat Bürosunun (MHB) rəhbərini ona qarşı 15 milyard rupi (5,8 milyon dollar) məbləğində iddia qaldırmaq niyyətində olması barədə məlumatlandırıb.
Rasthaber xəbər verir ki, səbəb isə diffamasiya (ləkələmək məqsədli məlumatın mətbuatda çapı) və korrupsiya və “çirkli pulların yuyulması” ittihamları üzrə qeyri-qanuni həbslə bağlı onun nüfuzuna zərərin dəyməsidir.
“Mən ona (MHB başçısına) rəsmi bildiriş təqdim etdim. Mənim həbsimə dair order konstitusiya və qanun pozularaq verilib. Ali məhkəmə binasında kobud güc tətbiqi ilə həyata keçirilmiş qeyri-qanuni və əsassız həbsimin məqsədi məni ləkələmək idi, bu, mənim nüfuzuma təsir etdi. Beləliklə də, mənim diffamasiya ilə bağlı iş qaldırmağa tam haqqım var“, – deyə Xan qeyd edib.
Xatırladaq ki, Xan həmçinin Pakistan səhiyyə naziri Əbdül Qədir Patelə qarşı da 10 milyard rupi məbləğində məhkəmə iddiası qaldırmağı planlaşdırdığını bəyan edib. Səbəb isə nazir tərəfindən Xanın sağlamlığı ilə bağlı iftiranın səsləndirilməsidir. Xan nazirdən üzr istəməyi və öz sözlərini ictimai şəkildə təkzib etməyi tələb edib.
Qeyd edək ki, Patel iddia edib ki, həbs zamanı Xan “sərxoş olub” və “o, müntəzəm şəkildə narkotikdən istifadə edir”.