İmam Xomeyninin vəfat ildönümüdür/ Ruhullah Xomeyni kimdir?

İmam Xomeyninin vəfat ildönümüdür/ Ruhullah Xomeyni kimdir?

Bu gün İslam İnqilabının banisi, İmam Xomeyninin vəfatının 35-ci ildönümüdür.

Rasthaber Azərbaycan: Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir.

Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir.

1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi.

Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.

O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı.

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır.

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir.

İranın İraqa təzyiqindən sonra Xomeyni bu ölkədən Fransaya köçmüş və bir müddət Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşamışdır. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq Xomeyninin səs yazıları hər həftə İrana gətirilərək müxtəlif məkanlarda dinlənilirdi.

1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Ayətullah Xomeyni İrana qayıtmış və faktiki olaraq ölkənin liderinə çevrilmişdir. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə etmişdir. Onun inqilabı ilə Şərqdə Amerikan imperializminə güclü zərbə vurulmuş və islamın sarsılmaz dayağı yaradılmışdır.


Şahın kaputulyasiya sazişinə qol çəkməsindən sonra İmam Xomeyni ona sərt mesajlar verməyə başladı. Bir zamanlar müctehidlərdən birinin şaha qəbul etdiyi sazişə etiraz edərək:”Mən İrandan köçməyə qərar verdim”-cümlələrini də diqqətə çəkən İmam Xomeyni Şahın İran xalqını təhqir edən bu sazişi ləğv etməsini bu cür tələb edir:”Ey Şah, bir zamanlar zəmanə müctehidləri İrandan köç edəcəklərini sənə bildirmişdilər. Ancaq mən sənə deyirəm: bu qanunu ləğv etməsən səni İrandan köçürəcəm.!”-deyərək dövrünün və ondan sonrakı nəsillər üçün bir şücaət və mərdanəlik məktəbinin banisi kimi diqqəti çəkir. 

Bu qanuna etiraz edərək çıxışında bu cümlələrə yer verir:”İzzətimiz tapdalandı, İranın əzəməti aradan getdi, İran ordusunun əzəmətini tapdaladılar. Parlamentdə bir qanun qəbul edildiki İranı Vyana müqaviləsinə əməl etməyi boynuna qoydular. Bir sözlə İrandakı hərbiçilərin ailələri,özləri, malları və texnikaları onların hər növ cinayətləri müqabilində əmniyyətdə olacaq. Ey cənablar, mən xətər-təhlükə elan edirəm!, Ey İran Ordusu mən xətər-təhlükə elan edirəm!, Ey İran siyasətçiləri mən xətər-təhlükə elan edirəm! And olsun Allaha fəryad etməyən hər bir kəs günahkardır. And olsun Allaha fəryad qoparmayan hər bir kəs, böyük günah etmişdir! Ey İslam başçıları, İslamın dadına çatın! Nəcəf alimləri İslamın dadına çatın!, Qum alimləri İslamın dadına çatın!”. 

Bəli, bir çox hədə və təhdidlərə baxmayaraq İmam Xomeyni, Şah və İmperialist ölkələrə müharibə elan edərək İranın azadlığa qovuşması üçün əlindən gələni əsirgəməyəcəyini qarşısına məqsəd qoymuşdu. 

Livan xalqını azad edən ideologiya da məhs İmam Xomeyni məktəbinin sayəsində mümkün olmuşdur. 
Hətta Livan Müqavimət hərəkatının rəhbəri Seyyid Həsən Nəsrullah öz çıxışlarında da buna işarə edir. Livan müqavimətinin hərbi komandirlərindən birinin 40 mərasimində bu mətləblərə işarə edir: “Onlar son terrorla bizi ümidsizliyə salmaq və bizim zəif məğlubiyyətə uğramış olduğumuzu söyləmək istədilər. Onlar bizim şüurumuzu ortadan qaldırmağa çalışdılar. Lakin biz İmam Xomeyni məktəbinin şagirdləriyik. O deyərdi ki, bizi öldürün; ancaq bunu bilin ki, bizlər şəhadətlə daha da güclənirik”. 

İmam Xomeyni rəhbərlik etdiyi inqilabın İslami olmasını daha çox xatırladırdı. Sanki İmam qurulan hökümətin gələcəkdə bütün məzlum və ya haqqı tapdalanmış müsəlman ölkələrin himayəçisi olacağını bilirmiş. Bu baxımdn da o, “Bizim hərəkatımız İran hərəkatı olmazdan qabaq bir islam hərəkatıdır”. 
Öz mədəniyyəti və irfanı ilə parlayan imam mədəniyyət,elm və yaradıcılığa daha çox önəm verirdi: “Mədəniyyət bütün xoşbəxtlik və bədbəxtliklərin qaynağıdır. Millətlərə yaradıcı şəkildə xidmət edən mədəniyyət düzgün mədəniyyətdir. Qarın, çörək və su mədəniyyət ölçüsü deyil, insan şərafət, mədəniyyət kateqoroyasıdır. İnsan nə qədər ki, top-tüfəngin kölgəsində həyatını davam etdirir, əsl insan ola bilmir, insanlıq məqsədinə yetişə bilmir. Çalışın öz qələm və bəyanınız ilə pulemyotları kənara qoyun, meydanı elmə, biliyə və qələmə verin”. 

 

Həyatı boyu İsrailə düşmən münasibətləri sərgiləmiş, İsrail zülmünə qarşı Fələstinə və Livana maddi və hərbi dəstək vermişdir. Məhz İslam inqilabından sonra İranda fars millətçiliyi xeyli zəifləmiş və Azərbaycan xalqı məhv olmaq təhlükəsindən xilas olmuşdur.

Daim şiə sünni qardaşlığına çağırmış, məzhəb ixtilaflarına son qoymağa və şiə sünni bir yerdə Amerikaya və İsrailə qarşı vahid islam cəbhəsi yaratmağa səsləmişdir.

1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat edir.

Xəbəri paylaş

VİDEOLAR