İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə rəsmilərin vertolyot qəzasından bir il keçir.
Az.rasthaber.com xəbər verir ki, 19 may 2024-cü il tarixində İran Prezidenti İbrahim Rəisi Şərqi Azərbaycanın Dizmar meşəsi üzərində baş verən vertolyot qəzası nəticəsində faciəli şəkildə həlak olub. Qəza, Prezident Rəisinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə sərhəddə keçirilmiş görüşdən qayıtdığı zaman baş verib.
Qəza nəticəsində Prezident Rəisi ilə birlikdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti, helikopterin pilotu, pilot köməkçisi və prezidentin mühafizə dəstəsinin rəhbəri də həyatlarını itiriblər.
Rəsmi məlumatlara əsasən, qəzanın baş verməsinə səbəb kimi bölgədə hökm sürən əlverişsiz hava şəraiti göstərilir. Hökumət nümayəndələri hadisə yerinə çətinliklə çatıb, axtarış-xilasetmə əməliyyatları bir neçə saat davam edib.
İran hakimiyyəti tərəfindən faciəvi hadisə ilə bağlı 20 may 2024-cü il tarixində rəsmi ölüm xəbəri açıqlanıb.
Ölüm xəbərinin təsdiqlənməsi ilə yanaşı, ölkədə 5 günlük matəm elan olunub.