İran prezidenti Həsən Ruhani Fars körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı silah embarqosunun uzadılması istəyinə cavab verib
Rasthaber Azərbaycan xəbər verir ki, İran prezidenti Həsən Ruhani Fars körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı silah embarqosunun uzadılması istəyinə dair məktubuna fikir bildirib.
“Səddam Küveytə hücum edəndə, bu təcavüzü ilk pisləyən biz olduq, Şura üzvləri isə pisləmədilər. Biz o hücumu həmin gündəcə pislədik və rəsmi bəyanatla çıxış etdik”, – deyə o bildirib.
Ruhani sonra deyib: “Biz region ölkələrini dəstəklədiyimizi əməli olaraq göstərdik. Əgər biz Səddama “yaşıl işıq” yandırsa idik, Küveyti tutduğu günün sabahısı bütün Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni işğal edəcəkdi.”
O qeyd edib ki, Səddam İranın Ali liderinə yazdığı məktubda yazırdı ki, “bizim sizinlə 800 km ortaq su sərhədimiz var, deməli, bu ölkələr bizimdir”.
“Lakin bizim İraqla su sərhədimiz cəmi 18 km idi”, – deyə İran prezidenti bildirib.
Ruhani qeyd edib ki, əgər biz regionda sabitliyin tərəfində olmasa idik, Səddam sizin hamınızı yeyərdi.
"Biz hər zaman sizin qardaşınız olmuşuq və bu gün də bu cürdür. Siz bilirsiniz ki, ABŞ-ın İrana qarşı hərəkətləri boş və nəticəsizdir. İran onun milli və regional maraqlarına cavab verən qanun və qərarlara uyğun gördüyü işlərdə uğura nail olacaq”, – deyə o əlavə edib.