Sionist rejimin Qəzzə zolağının "Şücaiyyə" bölgəsinə vəhşicəsinə hücumu nəticəsində onlarla dinc sakinin şəhid olmasının ardınca HƏMAS bəyanat yayaraq bu cinayəti pisləyib və sionistlərin təcavüzünün qarşısını almaq üçün Ərəb və İslam ölkələrini təcili tədbirlər görməyə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS çərşənbə günü sionist rejimin Qəzzənin Şücaiyyə bölgəsindəki dəhşətli cinayətinə reaksiya verərək bildirib: “Dünyanın gözü önündə və qulağının eşitdiyi yerdə soyqırım və dəlicəsinə qisas məqsədi ilə müdafiəsiz və günahsız dinc əhaliyə qarşı törədilən vəhşi cinayətlər cavabsız qalmayacaq, zamanın keçməsi onu unutdurmayacaq, tarix bu cinayətlər qarşısında səssiz qalan və ya sionist cinayətkarlarla əlbir olanların hamısını mühakimə edəcək.”
HƏMAS əlavə edib: “Ərəb və İslam ölkələrinin bu cür cinayətlərə qarşı mövqelərinin ürkək bəyanatlar və qınaqlarla məhdudlaşması artıq qəbuledilməzdir. Bu, sionist rejimin qətl maşınının dünyanın gözü qarşısında soyuqqanlı şəkildə soyqırımı törətdiyi bir vaxtdır. Fələstin xalqı bu həlledici döyüşdə tək qalmamalıdır.”
Hərəkat daha sonra Ərəb və İslam ölkələrinin rəhbərlərini təcavüzə son qoymaq üçün sionist rejim və onun Vaşinqtondakı havadarlarına dərhal real təzyiq göstərməyə çağırıb.
HƏMAS sionist rejimlə hələ də əlaqələri olan ölkələrə də səslənərək vurğulayıb: “Dərhal bu cinayətkar rejimlə əlaqələr kəsilməli və səfirlikləri bağlanmalıdır.”
Hərəkat bəyanatının sonunda Ərəb və İslam xalqlarını və dünyanın bütün azad insanlarını Qəzzə xalqına dəstəyini davam etdirməyə, onu gücləndirməyə və genişləndirməyə çağırıb.