HƏMAS: Razılaşmanın önündəki əsas maneə Netanyahu hökumətidir.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın Qəzzadakı yüksək vəzifəli rəsmilərindən Xəlil əl-Həyyə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof tərəfindən irəli sürülən atəşkəs təklifinə dair açıqlamalar verib. Əl-Həyyə, "Vitkofun təklifini rədd etmədik, sadəcə müharibəni sona çatdıracaq zəmanətlər istədik" deyə bildirib.
Əl-Həyyənin Vitkofun atəşkəs təklifi ilə bağlı fikirlərini ifadə etdiyi bir səs yazısı yayımlanıb.
Sözügedən səs yazısında o bildirib ki, İsrailin qan tökməyə, fələstinliləri arxadan vurmağa, zorla yurdlarından çıxarmağa geri dönməməsi və humanitar yardımların maneəsiz şəkildə bölgəyə daxil olmasının təmin edilməsi üçün Vitkofun təklifində bəzi dəyişikliklər tələb ediblər.
Xəlil əl-Həyyə, HƏMAS-ın daimi atəşkəsə nail olmaq üçün yeni və ciddi danışıqlara başlamağa hazır olduğunu bildirərək, vasitəçilərlə təmasların davam etdiyini vurğulayıb.
Əl-Həyyə qeyd edib ki, Qəzzada razılığa gəlməyin qarşısındakı əsas maneə şəxsi və ideoloji səbəblərdən ötürü müharibənin sona çatmasını istəməyən Benyamin Netanyahu başçılığındakı İsrail hökumətidir.
O həmçinin əlavə edib ki, atəşkəsin pozulub hücumların yenidən başlamasından bu yana irəli sürülən bütün atəşkəs təkliflərinə HƏMAS-ın çevik və pozitiv yanaşdığını davamlı şəkildə nümayiş etdiriblər.
Xəlil əl-Həyyə bildirib ki, atəşkəs təkliflərində “bütün əsirlərin azad edilməsi qarşılığında müharibənin sona çatmasına dair zəmanət verilməsini” nəzərdə tutan vizyonlarını ortaya qoyublar, lakin İsrail bu təklifi qəbul etməyib.
Əl-Həyyə, sionist İsrailin Qəzzada qurduğu “humanitar yardım paylama mərkəzləri” və həmin yerlərdə “ac insanlar olan fələstinlilərə qarşı” təşkil olunan hücumlara da toxunaraq deyib:
“Əgər ABŞ-ın – son olaraq Qəzzada atəşkəsi nəzərdə tutan qətnamə layihəsinə veto qoymasında olduğu kimi – İsrailə siyasi və hərbi dəstəyi olmasaydı, o, Rəfahda bir tikə çörək dalınca qaçan insanlara qarşı bu cür qətliamlar törədə bilməzdi.”
Əl-Həyyə həmçinin vurğulayıb:
“Katil İsrailin Qəzzanın tamamından geri çəkilməsi, təcili humanitar yardımın daxil olması və blokadanın sona çatmasını nəzərdə tutan bir razılaşmaya nail olmaq üçün bütün tərəflərlə davamlı şəkildə iş aparırıq.”