HƏMAS-ın siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib ki, hərəkat Çinlə olan ikitərəfli münasibətləri möhkəmlətməyə can atır.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, İstanbuldakı “Çin və Fələstin məsələsi” konfransında çıxış edən Əbu Mərzuk Çin və Fələstin qüvvələri arasındakı əməkdaşlığın möhkəmlədilməsi və genişləndirilməsinin vacibliyini qeyd edib.
O, bu konfransın Çini Fələstin, həmçinin ümumilikdə regionla yaxınlaşdırmağa kömək edəcəyinə ümidini ifadə edib.
“Asiyanın iqtisadi nəhəngi - hələ nəhəng olmadığı və Fələstin mübarizəsini aktiv şəkildə dəstəklədiyi dövrdən bizim yaddaşımızda mühüm yerə sahibdir”, - deyə HƏMAS rəsmisi bildirib.
O deyib ki, Fələstin məsələsi “ərəb və İslam regionlarında mərkəzi məsələdir”. Bu səbəbdən də Əbu Mərzuk HƏMAS-ın Fələstin məsələsinin ədalətli həllindəki rolunu, ərəb və İslam bölgələrində qazandığı nüfuza işarə edib.
“HƏMAS-ın bütün azad dövlətlərlə həm rəsmi, həm də xalq səviyyəsində əla münasibətləri var”, - deyə o əlavə edib.
Əbu Mərzuk Çini ədalət və sülhə can atan çoxqütblü dünyaya başçılıq etməyə və ABŞ və İsraildən uzaq durmağa çağırıb.
“İdeoloji cəhətdən bizə yaxın olan Çin bizim asiya qitəmizin bir hissəsidir”, - deyə o bildirib və Çinin regiondakı güclü həmkar olduğunu qeyd edib.