Livan Hizbullahı bir bəyanatda Amerikanın həmin ölkənin iki sabiq nazirinə qarşı sanksiyalarını pisləyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bəyanatda deyilir: "Bu qəddarcasına qərar - pak və sadiq şəxslər, həmçinin Amerikanın müqavimətdə və ya müqaviməti himayə etməkdə ittiham etdiyi bütün kəslər üçün fəxri medaldır. Amerika sanksiya siyasəti ilə Livandakı hədəflərini reallaşdıra bilməz."
Tramp hökuməti Hizbullaha qarşı düşmənçilik siyasətlərinin davamında Livanın keçmiş nəqliyyat və maliyyə nazirləri Yusif Fənyanus və Əli Həsən Xəlilin adlarını öz sanksiyalar siyahısına daxil edib.
Vaşinqton Hizbullahın Livandakı reytinqini aşağı salmaq üçün livanlı şəxsiyyətləri və bankları bu qrupla əlaqədə olmaq ittihamı ilə öz sanksiyalar siyahısına daxil etməklə bu layihəni davam etdirir.