Həbsxanada başladılan aclıq aksiyası davam edir

Həbsxanada başladılan aclıq aksiyası davam edir

Nardaran hadisələri ilə bağlı həbs edilmiş Tale Bağırzadə 3 iyundan aclıq aksiyasına başlayıb.

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, Tale Bağırzadə aclıq aksiyasına başlamasına  səbəb kimi polislərin dini təhqir etdiyini bildirib.

Operativ.tv-nin yazdığına görə, Tale Bağırzadənin başlatdığı aclıq aksiyasına  digər həbsxanalardan Abbas Hüseyn, Cabbar Cabbarov, Polad Aslanov,  Firudin Zeynalov, Seyfəddin Şirvanov da qoşulub.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, bu iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddir: “Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.

Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şaiyələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir. Lakin onlar bu dəfə müqəddəs dinimizi də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər. Amma bilməlidirlər ki, Azərbaycan Polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan Polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər”.

Xəbəri paylaş

VİDEOLAR