Hacı Şahin Həsənli Azərbaycanın Londondakı səfirliyinə hücum edənlər barədə

Hacı Şahin Həsənli Azərbaycanın Londondakı səfirliyinə hücum edənlər barədə

"Hər zaman müsəlman dünyasında birliyə və əməkdaşlığa yönəlik müsbət tendensiya yarananda dini radikalizm meydana çıxıb".

Az.rasthaber.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, müsəlman ölkələrində özlərinə xalq dəstəyi tapa bilməyən, fəaliyyətlərinə qadağa qoyulan bu marginal və radikal dəstələr xaricdə məskunlaşıblar: "Onlar xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa çevirilib destruktiv fəaliyyətlərinə orada davam ediblər. Belə dəstələrdən biri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum edib. Dini şüarlarla bir səfirliyə hücum etmək, uğrunda minlərlə müsəlman gəncin canını fəda etmiş bayrağa hörmətsizlik etmək elə İslam dəyərlərinə sayğısızlıqdır. Hədəf nədir? Ölkəmizə, xalqımıza qarşı mənfi rəy formalaşdırmaq, dini zəmində dözümsüzlük və münaqişə alovlandırmaqdır. Vaxtı ilə bu dəstələr müxtəlif qulaq oxşayan şüarlarla Azərbaycanda da kök salmaq istəsələr də, sosial baza toplaya bilmədilər. İndi isə əsl simalarını ortaya qoydular. Radikallığın dini olmur, bu bir mənəvi mərəzdir".

"Müsəlman dünyasında müsbət tendensiyalar güclənən, uğurlar çoxalan zaman bu cür mürtəce və marginal cərəyanlar aktivləşir. Tarixə də nəzər salanda, xəvaric adlanan ilk ekstremistlərin Həzrət Əlinin (ə) vətəndaş müharibəsinə son qoyub birlik yaratdığı zaman ərsəyə gəldiyini görərik. Tarix boyu da, cilddən cildə girən, fərqli şüarlar səsləndirən, lakin özünü "əsl müsəlman" kimi qələmə verən marginal və radikal dəstələr yalnız müsəlmanların əleyhinə dağıdıcı fəaliyyət göstəriblər. Ona görə də hesab edirəm ki, özünü müsəlman sayan hər bir kəs bu vəhşiliyi qəti şəkildə pisləməlidir, bu tərz-təfəkkürə qarşı sərt mövqe sərgiləməlidir", - ilahiyyatçı Hacı Şahin Həsənli əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR