Müqəddəs Ramazan ayının son cümə günü dünyada Beynəlxalq Qüds günü olaraq qeyd olunur.
Bununla bağlı 10 ildən çoxdur həbs həyatı yaşayan Azərbaycan İslam Partiyası (AİP) sədri Hacı Mövsüm Səmədov sionizm cinayətlərini məhkum edən bəyanat yayıb.
Az.rasthaber.com məhbus AİP sədrinin rəsmi səhifəsində dərc olunan bəyanatı təqdim edir :
"Bismilləhir Rahmanir Rahim!
Bildiyimiz kimi, mübarək Ramazan ayının axırıncı cüməsi məzlum Fələstin xalqına dəstək olaraq "Qüds günü" adlanır.
Artıq bir əsrə yaxın davam edən bu işğal keçən əsrin ən böyük faciəsi kimi yaddaşlarda qalıb və təəssüf ki, hələ də beynəlxalq təşkilatlar tərəfindən layiqli formada cavablandırılmayıb! Biz bir azərbaycanlı olaraq buna oxşar işğala məruz qalan xalq kimi bu faciənin nə olduğunu yaxşı anlayırıq. Belə işğala etiraz etmək bizim hər birimizin tək dini vəzifəsi deyil, həm də bir insani borcudur. Onu yerinə yetirmək, hər birimizin boynunda olan böyük bir məsuliyyətdir. Hər kəs öz şəraitinə uyğun şəkildə bu işğalın sona çatması və vətənindən qaçqın düşmüş milyonlarla məzlum fələstinlinin öz doğma torpaqlarına qayıtması üçün lazımı addımları atmalıdır. Bu yolda Mütəal Allahdan hər birimizi müvəffəq etməsini diləyirəm.
24.04.2022
Dr. Mövsüm Səmədov, AİP sədri".