Türkiyənin TRT telekanalı Fransanın İŞİD terror qruplaşması ilə əlaqələrini ifşa edən sənədli film təqdim edib. Filmdə bildirilir ki, bu əlaqələr “Lafarge” sement nəhəngi vasitəsilə qurulub.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, “Fabrik: gizli fransız əməliyyatı” adlı sənədli film Parisdə 2015-ci ildə baş vermiş terror aktlarının altıncı ildönümündə beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan qorxunc şəbəkəni üzə çıxarır.
Qeyd edilib ki, fabrik iki il ərzində formalaşdırılıb. Diqqətlə yoxlanılan yarım milyona yaxın sənəd beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan çirkli münasibətləri ortaya qoyub.
Sözügedən sənədli filmdə “Lafarge” şirkətinin nəyə görə Suriyada qalmağa və öz fabrikini bütün müharibə dövründə işlək vəziyyətdə saxlamağa qərar verməsi, Fransanın xüsusi xidmət orqanlarının məlumatı və himayəsi altında Aİ-nin vəsaitlərinin İŞİD və PKK-ya necə yönləndirilməsi, fransalı siyasətçi və xüsusi xidmət orqanlarının “Lafarge” şirkətini məhkəmə işlərindən xilas etmək üçün hansı addımları atması və Suriyada İŞİD-in maliyyələşdirilməsinin 2015-ci il Paris teraktının necə maliyyələşdirilməsi ilə nəticələnməsindən bəhs olunur.
Sənədli filmdə həmçinin Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin rəhbəri Alen Jülye, maliyyə naziri Mişel Sapen, Suriya səfiri Mişel Dyuklo, deputat Jerar Bapt kimi keçmiş rəsmilər, həmçinin Fransa kəşfiyyatının və təhlükəsizlik xidmətlərinin mütəxəssisləri, “Lafarge” şirkətinin keçmiş əməkdaşları və Paris teraktının qurbanlarının müsahibələrinə yer verilib.