Əfqanıstanın mərkəzini şimalla birləşdirən strateji Salanq tunelində baş verən yanğında ölənlərin sayı 80-i keçib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Əfqanıstanın “8am.media” xəbər saytı ərazidə olan şahidlərə istinad edərək, Salanq tüneli yanğınında ölənlərin sayının getdikcə artdığını və 80-i keçdiyini yazıb.
Bundan öncə Taliban hökumətinin aidiyyatı qurumları ölənlərin sayının 31 olduğunu deyiblər.
Bu xəbər portalı iddia edib ki, tüneldən 83 nəfərin cəsədi çıxarılıb ki, onların çoxunun kimliyi hələ bəlli deyil.
Qeyd edək ki, 2.7 km uzunluğunda olan Salanq tunelində yanğın şənbə günündən bazar gününə keçən gecə bir yanacaq maşınında baş verən yanğından sonra başlayıb. Yanğın bazar günü günortadan sonra söndürülüb.
Bildirək ki, yetmişinci illərdə sovet mütəxəssisləri tərəfindən tikilən bu tunel dəniz səviyyəsindən 3,360 metr hendürlükdə yerləşir və Əfqanıstanda nəqliyyat üçün böyük əhəmiyyət kəsb edir. Oxşar yanğın hadisəsi 1980-ci ildə baş vermiş və burada Sovet Ordusunun 16 əsgəri ölmüşdü.