Fələstin administrasiyasının sözçüsü "Əl-Məyadin"ə verdiyi açıqlamada bildirib ki, Fələstin muxtariyyətinin keçmiş rəhbəri Yasir Ərəfatın qətli şübhəsiz ki, İsrail tərəfindən həyata keçirilib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Nabil Əbu Rudina həmçinin iddia edib ki, Fələstin Muxtariyyətinin hazırkı rəhbəri Mahmud Abbas ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Əsrin sövdələşməsi” planına qarşı çıxdığı üçün sui-qəsdlə hədələnib:
"Biz işğal olunmuş Qüdsdən imtina etmək üçün bütün şirnikləndirici təklifləri rədd etdik. Tramp vəzifəyə gəldikdən sonra heç bir ölkə Fələstin Muxtariyyətinə kömək etməyib. İsrail Vaşinqtonun və region ölkələrinin dəstəyi ilə bizim mülklərimizi şəhid ailələrinə ödədiyimiz üçün müsadirə edir və kim milli mövqe tutsa, mühasirəyə, qətlə və böhtana məruz qalır. Dünyanın ən güclü müstəmləkəçi dövləti qarşısında bütün dünya xalqları bizimlədir. Biz ərəb və region xalqları ilə əlaqələrimizlə fəxr edirik və sui-qəsdlərə qarşı çıxa bilirik. Bizə milyardlarla dollar müqabilində Qüdsü nəzərə almadan müvəqqəti sərhədləri olan bir ölkəni qəbul etməyi təklif etdilər, amma qəbul etmədik. Vaşinqtonla bizim aramızda olan maneə və problemlərdən biri də məhbuslar, şəhidlər və onların hüquqları məsələsidir. Biz ABŞ hökumətinə dedik ki, pulumuz qalmasa belə, heç vaxt məhbuslardan və Qüdsdən imtina etməyəcəyik".