Küveytin xarici işlər naziri İsrail rejiminin ordusunun Qəzzada törətdiyi dəhşətli cinayətlərin hərbi cinayətləri sayıla biləcəyini söyləyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Küveytin xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əs-Səbah öz açıqlamasında İsrailin hərbi cinayət törətdiyini bildirib.
O qeyd edib ki, işğalçı İsrail rejiminin qüvvələrinin törətdikləri dəhşətli cinayətlər hərbi cinayət sayıla bilər. İşğalçılar şiddət, zülm və təcavüz yolu ilə Qüdsdə və Qəzzada fələstinlilərə qarşı amansız əməliyyatlar həyata keçirərək, insanları öldürdü, binaları yıxdı, bitkilərə və ağaclara od vurdu, uşaqların və köməksiz qadınların fəryadlarına məhəl qoymadı.
Nazir rəsmi Küveyt xəbər agentliyinə verdiyi açıqlamasında bunları deyib: “Fələstinlilər 1967-ci il sərhədlərində Şərqi Qüdsün paytaxtı ilə öz müstəqil dövlətlərini qurmalıdırlar və Fələstin məsələsi Küveytin xarici siyasətinin əsas narahatlıqlarından biridir."
Qəzzada 25 dəqiqədə 52 qırıcının həyata keçirdiyi 120 hava hücumuna və mülki şəxslərin şəhid olmasına, infrastrukturun dağıdılmasına və məscidlərin, evlərin, məktəblərin və xəbər mərkəzlərinin bombalanmasına işarə edən nazir “Təcavüz 12 gün davam etdi və 66 uşaq, 39 qadın, beşi əlil olmaqla 254 nəfər şəhid oldu. Hücum nəticəsində 8 mindən çox insan yaralandı. 1500-dən çox yaşayış binası və 50 məktəb dağıdıldı və 75.000 ailə məcburi köçkünə çevrildi.", -deyə əlavə edib.
Qeyd edək ki, bundan öncə Türkiyə, İran birbaşa, İƏT isə tədbir zamanı İsraili hərbi cinayət həyata keçirməkdə ittiham etmişdi. BMT-nin İnsan Haqları Komissiyası isə İsrailin hərbi cinayətlər etməsini araşdıracaq qrup yaratmışdı.