Çin Xarici İşlər Nazirliyi dünən Əfqanıstanda 21 nəfərin ölümü ilə nəticələnən partlayışda Çin nümayəndə heyətinin hədəf alındığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Çin bu hücumu qətiyyətlə pisləyir və Əfqanıstan hökumətinin bütün ölkələrin vətəndaşlarını, o cümlədən Çin vətəndaşlarını qoruyacağına ümid edir".
Qeyd edək ki, dünən Əfqanıstan Xarici İşlər Nazirliyinin yaxınlığında baş verən bu terror aktında 3-ü Taliban üzvü olmaqla 21 nəfərin öldürüldüyü, 25 nəfərin yaralandığı açıqlanıb.
Partlayış zamanı nazirlik binasında Çin nümayəndə heyəti ilə görüşlərin keçirildiyi açıqlanıb.
Digər tərəfdən, "Amak" kimi tanınan İŞİD-in rəsmi mediası çərşənbə günü axşam saatlarında Əfqanıstan Xarici İşlər Nazirliyinin qarşısında partlayışı bu qruplaşmanın bir üzvünün törətdiyini bildirib.