BMT-nin Cenevrədəki İnsan Haqları Komitəsinin məlumatına görə, Fransa liseydə keçirilən böyüklər üçün təhsil kursu zamanı qadının hicab taxmasını qadağan etməklə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı pozub.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, İnsan Hüquqları Komitəsinin mart ayında aldığı, lakin çərşənbə günü iddiaçının vəkilinə çatdırılan qərarı, 1977-ci il təvəllüdlü Fransa vətəndaşı qadının 2016-cı ildə şikayət etməsindən sonra baş verib.
İddiaçının vəkili müdafiə etdiyi şəxsin adının açıqlanmasını istəməyib.
2010-cu ildə böyüklər üçün peşə hazırlığı kursunda iştirak edən iddiaçı müsahibə və qəbul imtahanına qəbul olunduqdan sonra təlimin keçiriləcəyi "Langevin Wallon" Liseyinə gedib.
Lakin dövlət təhsil müəssisəsində dini mənsubiyyəti əks etdirən simvollardan istifadə qadağan olunduğu üçün məktəbin direktoru onun bu təlim kursuna getməsinə mane olub.
BMT-nin İnsan Haqları Komitəsinin açıqlamasında bildirilib:
"İddiaçının hicablı halda dərsə buraxılmaması ilə bağlı məhdudiyyət Vətəndaş və Siyasi Azadlıqlar haqqında Beynəlxalq Paktı pozan və dini etiqad azadlığına xələl gətirən məhdudiyyətdir".
Sözügedən komitə geyinmə tərzinin və ya hicabın dini ifadə azadlığının göstəricisi olduğunu xatırladaraq, qadağanın öz dinini ifadə etmək hüququnu həyata keçirmək azadlığının məhdudlaşdırılması olduğunu vurğulayıb.
Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının Fransada müsəlman qadınların hicab taxmaq hüququ ilə bağlı bəyanatı əslində Fransa hakimiyyətinin bu ölkədə vətəndaşların azadlıq və bərabər hüquqlara malik olması ilə bağlı iddialarını əsassız edir.