Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş islamofobiya və zorakılıq hallarını pislədiyini ifadə edərək müsəlman icması ilə həmrəy olduğunu bəyan edib.
Az.rasthaber.com xəbər verir ki, BMT-dən verilən bəyanatda Antonio Quterreşin BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) səfirlər qrupu ilə görüş keçirdiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Antonio Quterreş BMT-nin İnsan Hüquqları Şurasının “ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa gətirib çıxaran din əleyhinə nifrətlə mübarizə” qətnaməsinin icrası üçün səy göstərəcəyini vurğulayıb.
BMT baş katibi Antonio Quterreşin müsəlman icması ilə həmrəy olduğu vurğulanan bəyanatda həmçinin bu ifadələrə yer verilib: “Baş katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan zorakılıq və islamofobik hərəkətləri pisləyir''.