BMT: ABŞ PUA-larla mülki əhalini qətlə yetirir!

BMT: ABŞ PUA-larla mülki əhalini qətlə yetirir!

BMT ABŞ-ın "terrorla" mübarizədə döyüş PUA-larından istifadə etməsini tənqid edib


Cenevrədə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə bağlı ABŞ-ın son hesabatını araşdıran komitə üzvləri - 18 müstəqil ekspert – Vaşinqtona mülki əhalinin tələfatının qarşısını almaq məqsədilə tədbirlər görməyi tövsiyə edib.

“Komitə eksterritorial antiterror əməliyyatları zamanı silahlı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə törədilən qətllərin davam etməsindən, zərbələrin həyata keçirilməsi üçün hüquqi və siyasi meyarlarla bağlı tam və davamlı şəffaflığın olmamasından ciddi şəkildə narahatdır”, - ekspertlər bildiriblər.

Onlar həmçinin mülki şəxslərin ölümünə və onlara dəyən digər ciddi zərərlərə görə məsuliyyətin olmamasından narahatlıqlarını bildiriblər. Komitədən vurğulayıblar ki, ABŞ ölkənin özünümüdafiə hüququna uyğun olaraq silahlı pilotsuz təyyarələrin “Əl-Qaidə” ilə silahlı münaqişədə istifadə edildiyi mövqeyi tutur, amma Vaşinqtonun silahlı münaqişə anlayışı həddən artıq geniş coğrafi və zaman miqyasını əhatə edir.

BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Joze Manuel Santos Pais (Portuqaliya) mətbuat konfransında bildirib ki, görünür, Birləşmiş Ştatlar öz sərhədləri xaricində pilotsuz aparatlarla hücumlar həyata keçirib. Komitə son nəticədə 1,5 mindən çox insanın ölümü və yaralanması ilə nəticələnən 56 belə hücumdan xəbərdardır. “Onların əksəriyyəti də mülki şəxslərdir. Əlbəttə, ciddi şəkildə hesab edirik ki, bu, pakt üzrə öhdəliklərin pozulması deməkdir. Biz xüsusilə bu hava zərbələrini həyata keçirənlərin məsuliyyət daşımamasından narahatıq”, ekspert əlavə edib.

Mütəxəssislər ABŞ-a dron hücumları vasitəsilə ölümcül güc tətbiqinin hüquqi əsasları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyi tövsiyə ediblər. Onlar ABŞ-ın mülki itkilərin qarşısını almaq və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini gözləyirlər.

Xəbəri paylaş

VİDEOLAR