Şərti cəzanın olması jurnalistin 9 fevral parlament seçkilərində iştirak etməsinə imkan vermir
Dekabrın 24-də Bakının Binəqədi rayon məhkəməsi "Basta" saytının redaktoru Mustafa Hacıbəylinin məhkumluğunun götürülməsi haqqında müraciətini təmin etməyib.
Şərti cəzanın olması jurnalistin 9 fevral parlament seçkilərində iştirak etməsinə imkan vermir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin 13 yanvar 2010-cu il tarixli qərarına əsasən, şərti cəzaya məhkum edilmiş şəxs məhkəməyə məhkumluğunun götürülməsi haqqında müraciət edə bilər.
Hacıbəyli apellyasiya şikayəti verəcək.
*2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə
elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması barədə İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"la bağlı cinayət işi qaldırıb. Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.
Öncə M.Hacıbəyli şahid kimi keçib. Lakin noyabrın 30-da o, müttəhim statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə yönələn çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Redaktorun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, bütün ittihamları rədd edib.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir, "Sərhədsiz reportyorlar" təşkilatı və digər beynəlxaq qurumlar jurnalist barəsindəki hökmü pisləyiblər.