Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, dekabrın 10-u saat 13 radələrində naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib.
Qeyd edilən quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədi ilə törətdiyini bildirib.
Faktla bağlı Akif Məmiyev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.