Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından 33 il ötür.
Az.rasthaber.com xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "5 dekabr - deportasiyanın anım günü"adlı tədbir keçirilib.
Toplantıda Milli Məclisin deputatları, alimlər, Qərbi Azərbaycan İcmasının üzvləri, icma sədrləri, xaricdəki nümayəndələri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Azərbyacanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İcma sədri, deputat Əziz Ələkbərli Qərbi Azərbaycanda soydaşlarımızın deportasiya və soyqırımı tarixi ilə bağlı məruzə ilə çıxış edərək 1988-ci il deportasiyasına gedən yolun mərhələ və xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Deputat xatırladıb ki, dekabrın 5-i azərbaycanlıların indiki Ermənistandan sonuncu deportasiyasının 33-cü ildönümüdür. O vurğulayıb ki, 33 il əvvəl ermənilərin Qarabağ iddialarına qarşı Göyçədə, Vedibasarda, Zəngibasarda, Ağbabada mitinqlər keçirən - Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda ayağa qalxan insanların deportasiyasının anım günüdür: “Bu tarixi yad etməməyə bizim mənəvi haqqımız yoxdur”.
İcma sədri tədbir iştirakçılarına soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası ilə bağlı, erməni vəhşiliyinin sübutu olan bəzi rəqəmləri xatırladıb:
- 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub;
- 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb;
- bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib;
- fərdi və ictimai təsərrüfatlarda yüz minlərlə ev və təsərrüfat heyvanı, fərdi, ictimai və inzibati binalar, kənd təsərrüfatı texnikası, məktəblər, kitabxanalar, mədəniyyət evləri ermənilərə qalıb;
- 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib;
- saysız-hesabsız tarixi abidələrimiz bu gün üçün ya erməniləşdirilib, ya da məhv edilib.
- Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının hesablamalarına görə, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 33 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir.