"AzerGold" Daşkəsən rayonunda yerləşən “Ağyoxuş” qızıl yatağından hasilata başlayıb.
Bu barədə cəmiyyətin məlunmatında deyilir.
““AzerGold 2017-ci ildə kəşf edilən “Ağyoxuş” qızıl yatağını istismara verib. Yataqda süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib”, - deyə məlumatda bildirilir.
“AzerGold” QSC-nin sədri Zakir İbrahimovun sözlərinə görə, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır.
““Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
“Ağyoxuş” layihəsinin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yatağın bütün mərhələlərinin istismarı çərçivəsində 100-dən çox daimi iş yerinin açılması planlaşdırılır.
“Yataq cari ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faydalı qazıntı ehtiyatları üzrə dövlət balansına daxil edilib. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır”, - deyə məlumatda vurğulanır.
“Ağyoxuş” yatağının ehtiyat potensialı 40 min unsiya qızıl həcmində qiymətləndirilir.
Hazırda “AzerGold” “Çovdar” yatağının işlənməsinin birinci (yerüstü) fazası çərçivəsində qızıl hasilatı və ixracı ilə məşğul olur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.