Islam Inqilabı lideri Ayətullah Seyid Əli Xamenei Qüds günü münasibətilə çıxış edib.
Rasthaber Azərbaycan xəbər verir ki, o çıxışı zamanı Qüds Gününün əhəmiyyəti və hədəfindən danışıb.
Ayətullah Xamenei İsrailin Fələstini terror bazasına döndürdüklərini qeyd edərək “İsrail bir ölkə deyil. Müsəlman millətlərə qarşı terror bazasıdır. Zülmkar kapitalistlər torpaqların əsil sahiblərini torpaqlarından məhrum edib, terrorçu rejim ünsürlərini o bölgəyə gətirdi.
Sionist rejimin boş məntiqindən daha zəif və təməli olmayan nə var?
Avropalıların yəhudilərə zülm edildiyi iddia edilir, buna görə bir milləti öz ölkəsindən çıxararaq, o ölkədə qorxulu qətliam edərək yəhudilərin intiqamını almaq lazım imiş. Bunların demokratiya iddiaları yalan və saxtadır. Onlar insan haqlarını kobud surətdə pozanlardır.”, -deyə bildirib.
Fələstin və Qüdsün aqibətinin bütün ümmətin təməl məsələsi olduğunu deyən İslam İnqilabı lideri “Buna görə də, İmam Xomeyni Ramazan ayının son cüməsini Beynəlxalq Qüds Günü olaraq adlandırdı. Qüds mövzusunda müsəlmanların yüksəlməsi, sionist düşmən və onun Amerikalı və Avropalı dəstəkçilərinin qorxulu yuxusudur. Əsrin sazişi adlı uğursuz plan və davamında bir neçə zəif ərəb höküməti tərəfindən normallaşma cəhdləri, bu kabusdan xilas olma cəhdləridir. Bu addımlarla heç bir yerə çatan deyillər. Sionist düşmən rejimin çöküşü və yıxılması başladı, davam edəcək. Gələcəyi iki önəmli faktor təyin edər. Bunlardan birincisi və ən önəmlisi Fələstin torpaqlarında müqavimətin və şəhadət xəttinin davamı, ikincisi isə bütün millətlərin Fələstinə dəstəyidir.”, -deyə əlavə edib.
Ayətullah Xamenei daha sonra ərəb gənclərə ərəb dilində müraciət edib:
“Ərəb gənclərlə bir az öz dillərində danışmaq istəyirəm. Başda gənclər olmaqla bütün azad ərəblərə və Fələstin, Qüds xalqlarına salam olsun.
Müqavimət şəhidlərinə və bu yolda canlarını fəda edən mücahidlərə, xüsusilə bərəkətli bir həyatdan sonra .şəhadətlərilə müqavimətə önəmli təsirlər qoyan Şəhid Əhməd Yasinə, Şəhid Seyid Abbas Musəviyə, Şəhid Fəthi Şikakiyə, Şəhid İmad Muğniyəyə, Şəhid Əbdüləziz Rantisiyə, Şəhid Əbu Mehdi əl-Mühəndisə və son olaraq müqavimətin ən önəmli siması olan Hacı Qasim Süleymaniyə salam olsun.
Fələstinlilərin mübarizəsi və müqavimət şəhidlərinin pak qanı, bu mübarək bayrağı dalğalandırmağı və Fələstin cihadının iç gücünü yüz qat artırmağı bacardı. Bir zamanlar fələstinli bir gənc daş ataraq özünü müdafiə edərkən, bu gün düşmənə hədəfi vuran raket ataraq cavab verirlər.
Qurani Kərimdə Fələstin və Qüdsdə müqəddəs torpaqlar deyilir. On illərdir vu pak torpaq ən pis və alçaq insanlar tərəfindən işğal edildi və onlar qeyrətli fələstinliləri qana buladılar. 70 ildən çoxdur ki, torpaqların əsil sahiblərinə işkəncə, qətl, evlərini yandırma və həbslə əziyyət edən irqçilər, Allaha həmd olsun ki, bu xalqın iradəsini qıra bilmədilər.
Fələstin yaşayır və cihada davam etməkdədir. Allahın iznilə xəbis düşməni məğlub edə biləcəkdir. Qüds və bütün Fəlsətin buranın xalqına aiddir və Allahın iznilə onlara geri dönəcəkdir.
Fələstin məsələsində bütün müsəlman xalqlar və dövlətlərin vəzifəsi var, məsuliyyət daşıyırlar. Amma bu cihadın mehvəri fələstinlilər özləridir. Onlar ölkə daxilində və xaricdə 14 milyon nəfər civarındadır. Bu toplumun vəhdəti, əzm və iradəsi böyük işə imza atacaq.
Bu gün fələstinlilərin ən böyük silahı vəhdətdir.
Sionist rejim, Amerika və başqa siyasi güclər fələstinlilərin vəhdətinin düşmənidir. Amma Fələstin cəmiyyəti daxildən parçalanmasa düşmənlər xaricdən bir iş görə bilməyəcək.
Bu vəhdətin mehvəri daxildə cihad və düşmənə etimadsızlıq olmalıdır. Fələstinlilər öz siyasətlərində əsas düşmənləri olan Amerika, İngiltərə və sionistlərə etimad göstərməməlidirlər.
Fələstinlilər, Qəzzada, Qüdsdə, Qərb Sahilində, 1948-ci ildəki ərazilərdə, hətta düşərgələrdə bir yumruq kimi birləşməlidir. Fələstinlilər vəhdət strategiyasını izləməlidirlər. Hər bir dəstə o biri dəstəni müdafiə etməlidir. Onlara təzyiq göstərildikdə ixtiyarlarında olan vasitələrdən istifadə etməlidirlər.
Bu gün qələbəyə ümid həmişəkindən güclüdür. Qüvvələr nisbəti fələstinlilərin xeyrinə çox dəyişib. Düşmən sionistlər hər il daha da zəifləyir. Özünü “heç zaman məğlub olmayan ordu” adlandıran sionist ordu Livanda 33 günlük, Qəzzədə 22 və 8 günlük müharibələrdən sonra “qələbə üzü görməyən orduya” çevrilib. İşğalçı rejimin siyasi durumunu 2 ildə keçirilən 4 seçki aydın göstərir. Sionist rejimin təhlükəsizliyi daim tənəzzüldədir. İşğalçı sionist rejimin ərazisindən mühacirət etmək meylinin güclənməsi bu iddialı rejimin tənəzzülünü göstərir. Amerikanın köməyi ilə zəif ərəb ölkələri ilə münasibət qurmağa yönəldilmiş ardıcıl təlaşlar da zəiflik göstəricisidir. Bunun da işğalçı rejimə faydası olmayacaq. On illərlə bundan qabaq Misirlə rabitə quruldu. Həmin gündən bu vaxta qədər sionist rejim çox zərbə alıb və zəifləyib. Belə bir vəziyyətdə bir neçə zəif ölkə ilə rabitə qurmaq ona kömək edəcəkmi?! Təbii ki, o ölkələr də bu rabitədən faydalanmayacaq. Düşmən sionist rejim həmin ölkələrin torpağına, sərvətinə əl uzadacaq, həmin ölkələrdə fəsad və təhlükəni artıracaq.
Əlbəttə ki, bu həqiqət başqalarının bu hərəkat qarşısında ağır vəzifəsini unutdurmamalıdır. Müsəlman və məsihi alimlər işğalçı rejimlə rabitələrin normallaşdırılmasını şərən haram elan etməli, ziyalılar və azadlıqsevər insanlar fələstinlilərə arxadan xəncər zərbəsi olan bu xəyanəti hamıya izah etməlidir.
Sionist rejimin tənəzzülü kənarında Müqavimət Cəbhəsinin imkanlarının artması parlaq gələcəkdən müjdədir. Müdafiə və hərbi gücün artması, güclü silahların ölkədə istehsal olunması, mücahidlərin özünə etimadı, gənclərin hər gün artan agahlığı, Müqavimət çevrəsinin bütün Fələstin və Fələstinin kənarlarını əhatə etməsi, gənclərin Məscidül-Əqsanın müdafiəsində son hərəkatı cihad və Fələstin xalqının məzlumiyyətinin yanaşı inikası dünyanın bir çox regionlarında ictimai fikirə təsir edir.
Fələstinlilərin mübarizə məntiqi İslam Respublikası tərəfindən BMT-nin sənədlərində qeydə alınıb. Bu mütərəqqi və cazibəli məntiqdir. Fələstinli mübarizlər bütün Fələstin sakinləri arasında referendum keçirə bilər. Həmin referendum əsasında ölkənin siyasi quruluşu təyin edilər, bu referendumda hər millət və dindən olan, o cümlədən qaçqın fələstinlilər iştirak edəcək. Bu siyasi quruluş köçkünləri geri qaytarar, biganələrin taleyi həll olunar.
Bu tələb dünyada qəbul olunmuş demokratiyaya əsaslanır. Onun mütərəqqi olmasını kimsə şübhə altına ala bilməz.
Fələstinli mücahidlər işğalçı rejimlə öz qanuni və əxlaqi mübarizəsini o qədər davam etdirməlidir ki, bu tələbləri qəbul etməyə məcbur olsunlar.
Allahın adı ilə irəli hərəkət edin və bilin ki:
“Allah Ona yardım edənlərə əlbəttə ki, yardım edər.” (“Həcc” surəsi, ayə 40)
Vəssəlamu ələykum və rəhmətullah"